Mobil qurğu istehsalçıları arasında əsl patent müharibəsi başlayıb. Bu günlərdə "Motorola" şirkəti "Apple" şirkətinə qarşı bir neçə məhkəmə iddiası irəli sürərək iPhone və iPad istehsalçısını 18 patent hüququnun pozulmasında günahlandırıb.
Məhkəməyə təqdim edilmiş iddia ərizələrində "Motorola" "Apple" tərəfindən demək olar ki, bütün məhsulların, o cümlədən iPhone smartfonu, iPad planşet kompüterləri, iPod Touch pleyeri və Mac kompüterlərinin istehsalı, eləcə də MobileMe və App Store servislərinin işlənib hazırlanması zamanı onun patent hüquqlarının pozulduğunu israr edir.
"Motorola"nın narazılığına səbəb olan həllər arasında simsiz rabitə texnologiyaları, antena dizaynları, elektron məktubların ötürülmə sistemləri, proqramların idarə olunması və digər müxtəlif istiqamətlər mövcuddur. Öz iddiasında "Motorola" "Apple" məhsullarının ABŞ-da satışına qadağa qoyulmasını tələb edir. Şirkətin bununla bağlı verdiyi bəyanatda qeyd olunur ki, bu cür kəskin addım "Motorola" və "Apple" arasında aparılan “uzunsürən danışıqlardan” və sonuncunun nəticədə müvafiq lisenziyaların əldə edilməsindən imtina etməsindən sonra atılıb.