“Qarabağ” Seçki Blokunun vahid namizədləri – Aydınlar Partiyası Lənkəran təşkilatının sədri İltifat Rəhimzadə (namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürmüşdü), Astara rayon təşkilatının sədri Əli Əliyev (77 saylı Astara seçki dairəsi) və Oğuz rayon təşkilatının sədri Qürbət Babayevin (117 saylı Oguz-Qəbələ) namizədliyini qeydə almaqdan imtina ediblər. Əsas kimi onların topladıqları imzaların bir qisminin etibarsız olması göstərilib. Ancaq sözügedən namizədlərin imzaları Seçki Məcəlləsinə uyğun şəkildə toplanıb və namizədliyin qeyda alınmasından imtina üçün heç bir əsas vermir.
Aydınlar Partiyası bunu real alternativlərin inzibati yolla seçkidən kənarlaşdırılması kimi qiymətləndirir və hakimiyyəti seçkiyə müdaxilədən çəkinməyə çağırır. Aydınlar Partiyası seçkidən əsassız olaraq kənarlaşdırılan namizədlərin hüquqlarının bərpası üçün Mərkəzi Seçki Komissiyasına, ATƏT-in Azərbaycanda Parlament Seçkisinin Müşahidə Missiyasına müraciət hazırlayır. Namizədliyi qeydə alınmayan Aydınlar Partiyasının sədr müavini Qadir İbrahimli isə artıq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova və ATƏT-in Azərbaycanda Parlament Seçkisinin Müşahidə Missiyasınım rəhbəri xanım Odri Qloverə müraciət ünvanlayıb. Müraciət müəllifi MSK-dan 74 saylı Lənkəran kənd Seçki Dairəsinini 11 oktyabr 2010-ci tarixli 17/33 saylı qərarının ləğv edilməsini, imzaların yenidən yoxlanılmasıni və namizədliyinin rəsmiləşdirilməsini tələb edir.