Çilili xilasedicilər yerin altından bir qrup şaxtaçının çıxarılması əməliyyatını uğurla başa vurublar. Şaxtaçılar iki aydan artıq müddətdə 700 metr dərinlikdə qalmışdılar.
33 fəhlədən sonuncusu dar quyu vasitəsilə ötən gecə yer üzünə çıxarılıb. Son xilas edilmiş şaxtaçı Luiz Urzua briqadanın rəhbəridir və məhz o qəzanın ilk günlərində şaxtaçıların ruhdan düşməməsində əsas rol oynayıb.
Yalnız 17 gündən sonra dünya şaxtaçıların hələ də sağ olduğundan xəbər tutub. Şaxtaçılar bir -bir çıxarılanda mədən ətrafında bayram əhval-ruhiyyəsi hökm sürüb. Qohumları həftələr uzunu əzizlərinin xilasını gözləmək üçün burada düşərgə salmışdılar.
Çilinin səhiyyə naziri Ceyme Manaliş deyib ki, xilas edilən şaxtaçılar xəstəxanaya aparılıblar və onlarda kəskin infeksiyalar aşkar edilib. Bəzilərində çirkli şəraitdə və qaranlıqda uzun müddət qaldıqlarından göz problemləri yaranıb.
Onlardan birində pnevmoniya tapılıb. Lakin vəziyyətinin ciddi olmadığı düşünülür. Səhiyyə naziri vurğulayıb ki, bütün fəhlələr gözlənildiyindən daha yaxşı vəziyyətdədirlər.
Çili prezidenti Sebastyan Pinera BBC-yə söyləyib ki, şaxtaçıların xilası ölkəsinin dünyadakı imicini dəyişəcək. O deyib ki bundan sonra adamlar Çilini, illərlə hərbi diktatura şəraitində yaşamış bir ölkə kimi yox, həmrəy bir xalq kimi tanıyacaqlar.
Pinera bildirib ki, şaxtaçıların həyatlarını qorumaq üçün təhlükəsizlik standartlarını dəyişdirmək əzmindədi