Modern.az

Tanınmışlar bu axşam İTV-nin canlı efirində: Azay Quliyev, Akif Nağı, Mixail Zabelin və digərləri..

Tanınmışlar bu axşam İTV-nin canlı efirində: Azay Quliyev, Akif Nağı, Mixail Zabelin və digərləri..

18 Oktyabr 2010, 14:01

Artıq dördüncü gündür İctimai Televiziyada (İTV) efirində deputatlığa namizədlərə pulsuz efir vaxtı verilir. Təşviqatın aparılacağı hər gün İTV-nin efirində axşam saat 21.00-dan 23.00-dək namizədlər çıxış edəcəklər. Hər bir namizədə çıxış üçün cəmi 4 dəqiqə vaxt müəyyən edilib.
5 nəfərdən ibarət yaradılmış komissiya hansı dairənin namizədlərinin hansı gün televiziyada çıxış edəcəyini planlaşdırır.
Modern.az oktyabrın 18-də İTV-nin efirinə çıxacaq 5 dairənin namizədlərin adlarını sizə təqdim edir. Onların arasında tanınmış simalar da var.

Bu gün-18 oktyabrda İTV-nin efirində 9 Binəqədi ikinci (12 nəfər), 12 Qaradağ-Binəqədi-Yasamal (5 nəfər), 46 Şirvan (4 nəfər), 51 Qusar (4 nəfər), 113 Şəki şəhər (5 nəfər) dairələrindən qeydə alınmış deputatlığa namizədlər çıxış edəcəklər.

Bu axşam İTV-də 9 Binəqədi ikinci seçki dairəsi üzrə hazırda Milli Məclisin üzvü olan Rafael Cəbrayılov, ADP sədrinin müavini Taliyət Əliyev, politoloq İlqar Məmmədov, BAP sədri Elşad Musayev, QAT sədri Akif Nağı, "Millət" qəzetinin baş redaktoru, AMİP üzvü Əli Orucov, YAP-ın vahid namizədi, İqtisad Universitetinin dosenti Zakir Mirzəyev debata çıxacaqlar. Onlarla bərabər bu dairədən olan digər namizədlər- işsiz Yaşar Əhmədov, bitərəf Sahib Əiyev,  bitərəf hüquqşünas Aytən Əliyeva, bitərəf rəssam Zeynəb İsmayılova,  işsiz Arif Şirinov da səs almaq üçün seçicilərini inandırmağa çalışacaqlar.

Tamaşaçılar 12 Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 5 namizədini də bu axşam canlı efirdə izləyə biləcəklər. "Mingəçevir İzolit" – ASC-də baş iqtisadçi Eldəniz Aslanov, "İnsan Naminə" Blokundan işsiz Vahid Məhərrəmov,  Müasir Müsavat Partiyasının sədr müavini İntiqam Məmmədov, bitərəf həkim Elman Tarverdiyev və YAP-çı deputat Mixail Zabelin söz duelində olacaqlar.

46 Şirvan seçki dairəsinin namizədləri millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, prezident təqaüdçüsü Akif Əmənov, şirvanlı orta məktəb müəllimi Rasim Qocayev, YAP-çı həkim Mətanət Səfərova İTV-dən seçicilərinə müraciət ünvanlayacaqlar.

51 saylı Qusar seçki dairəsini bu axşam İTV-nin efirində YAP-ın vahid namizədi Azər Badamov, Qusar bələdiyyəsinin bitərəf üzü Elman Adıgözəlov, VHP üzvü Həsənbala Məmmədov, bitərəf sahibkar Ağabala Rizvanov təmsil edəcək.

113 Şəki şəhər seçki dairəsindən olan namizədlər – bitərəf mədəniyyət işçisi Rövzət Hacı-Zəkəryəyev, bitərəf həkimlər Seymur İbadov, Qorxmaz İbrahimxəlilov, "AXCP-Müsavat" Blokundan Sahib Kərimov və YAP-ın vahid namizədi, deputat Yaqub Mahmudov da bu axşam İTV-də çıxış edənlər sırasında olacaqlar.

Hələlik MSK bunları müəyyən edib. Sonrakı günlərdə çıxış edəcək dairələr müəyyən olunduqca mətbuata açıqlama veriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə