Modern.az

Rəbiyyət Aslanova: “....hadisələrin gedişi hələ ki, bunlara tam təminat vermir”

Rəbiyyət Aslanova: “....hadisələrin gedişi hələ ki, bunlara tam təminat vermir”

18 Oktyabr 2010, 15:49

«Hər bir yüksək səviyyəli görüşün uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqları yolu ilə tənzimlənməsi prosesinin gedişinə müsbət təsirinin olması birmənalıdır. Barak Obama – İlham Əliyev arasında bir müddət öncə reallaşan görüşün danışıqlar prosesinin inkişafında, müsbətə doğru irəliləməsində müəyyən rolu olacaq».

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) İnsan haqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova ABŞ-ın Qarabağla danışıqlarına təsiri ilə bağlı fikirlərini açıqlayarın bildirib. Komitə sədrinin sözlərinə görə, Azərbaycan tərəfi bu rolun tezliklə öz təsirini göstərməsini istəyir. “İstəyirik ki, proseslərə daha çox aydınlıq gətirsin. Ancaq bununla belə proseslərin, hadisələrin gedişi hələ ki, bunlara tam təminat vermir».

R.Aslanovanın qənaətincə, Azərbaycan prezidentinin BMT Baş Assambleyasının sonuncu sessiyasında çıxışı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinin diqqətinin bir daha bu məsələyə cəlb edilməsi, dünyanın aparıcı dövlətlərinin konfliktə yanaşmasına aydınlıq gətirilməsi çox mühüm məsələdir.

«ABŞ super dövlətdir. Bu dövlətin dünyada baş verən hadisələrə təsir imkanları olduqca böyükdür. Eyni zamanda, bu ölkə Azərbaycanın strateji partnyoru, müttəfiqidir. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurulub və bu münasibətlər getdikcə daha artan sürətlə inkişaf etməkdədir. Ona görə inanıram ki, Obama-Əliyev görüşü bu münaqişənin ədalətli həllinə müəyyən qədər təsirini göstərəcək, belə demək mümkünsə, ATƏT-in Minsk qrupunun həmsədri kimi bu dövlətin bu məsələyə münasibətində müəyyən dəyişikliklər etməsinə imkan verəcək» - deyə, komitə sədri fikirlərini tamamlayıb.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə