Modern.az

O, qələbəyə bir addım da yaxınlaşdı ®

O, qələbəyə bir addım da yaxınlaşdı ®

21 Oktyabr 2010, 20:59

46 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülmüş Azay Quliyev seçicilərlə görüşünü davam etdirir. Azay Quliyevin Seçki Qərargahının hazırladığı fəaliyyət planına görə seçkidə fəallıq nümayiş etdirən və son beş ildə daim deputatın diqqətində olan iki böyük yaşayış massivlərində qələbəliklə müşayiət olunan görüşlər baş tutub.

Nəzərə tutulan ilk görüş Bayramlı qəsəbəsində keçirilib. Qeyd edək ki, Bayramlı qəsəbəsi Şirvan şəhərində nisbətən aralıda yerləşən, müəyyən kommunikativ problemlərlə üzləşən yaşayış massividir. O da xüsusi qeyd olunmalıdır ki, bu ilin may ayında Kür çayının daşması nəticəsində şəhərin məhz bu hissəsi daha çox fəlakətlə üzləşmişdir. Bayramlıya gedən asfalt yol qəzadan sonra bərbad vəziyyətə düşmüş, qəsəbəni mavi qazla təmin edən qaz xətti sıradan çıxmışdır. Azay Quliyev şəhərin deputatı kimi yaşayış massivinin belə ağır günündə şəhər sakinlərini tək buraxmamış, daim onlarla olmuş, problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməmişdir. Məhz deputatın təşəbbüsü ilə qəsəbəni ətraf mühitlə bağlayan həmin yol yenidən bərpa olunmuş və asfaltlanmışdır. Eyni sözləri qaz xətti haqda da demək olar.

Qəsəbə sakinləri isə həmin ağır günləri və həmin günlərdə onların yanında olan insanları yaxşı xatırlayırlar. Bu fikri Azay Quliyevlə görüşə gələn seçicilərin çoxluğu da təsdiqləyir.

“İkinci dəfə eyni dairədən namizədliyini irəli sürmək böyük məsuliyyət tələb edir. Bunu şərtləndirən amillər isə beş il öncə verilən sözlərin əksəriyyətinin yerinə yetirilməsi, seçiciləri layiqli təmsil etmək, onların problemlərinin həllində iştirak göstəricilərdir. Bu baxımdan Azay Quliyevin ikinci dəfə namizədliyini irəli sürməsini təbii qarşılamaq lazımdır. Çünki o yuxarıda sadalanan bütün meyarları doğruldub”- deyən vəkil Yaqub Salmanov məhz Bayramlı qəsəbəsinə üstünlük verməyin də səbəblərini açıqladı.

Deputatlığa namizəd Azay Quliyev Bayramlı qəsəbə sakinlərinə göstərdikləri dözümə və fədakarlığa görə təşəkkür etdi. O, ötən beş ildə görülən işlər haqda qısa hesabat verdi. Deputatlığa namizəd bildirdi ki, bu seçicilərlə görüşdən çox, ötən beş ilin hesabatıdır və deputat bu hesabata alnıaçıq gəlib. Çünki bu qəsəbə ilə bağlı verdiyi vədlərə əməl edib.

Bununla yanaşı, Azay Quliyevin çıxışında qəsəbə sakinlərinə sevinc bəxş edən məqamlar da az olmadı. Azay Quliyev çıxışında qeyd etdi ki, Şirvan şəhərinin əsas problemlərindən olan su problemə demək olar ki, çözülmək üzrədir. Belə ki, şəhərin su və kanalizasiya sisteminin yenilənməsi üçün hökumət tərəfindən 76,3 milyon dollar vəsait ayrılıb və bu yetərlidir ki, uzun illərdən bəri yığılıb qalmış su problemi çözülsün. Seçicilərlə daim görüşdüyünü, onların problemlərinin həlli üçün maksimum əmək sərf etdiyini, bütün arzu və təkliflərə baxıldığını deyən Azay Quliyev əlavə etdi ki, “mənim fikrimcə seçici deputatı axtarmamalıdır. Deputat seçicinin ayağına gəlməlidir. Onun problemlərini öz problemləri, onun sevincini öz sevinci, kədərini öz kədəri bilməlidir”. Daha sonra “Mən bu beş ildə məhz belə deputat olmuşam, bir deputatın görə biləcək maksimal işi görmüşəm, daim seçicilərimin yanında olmuşam”- deyən Azay Quliyev bildirdi ki, bu seçkidə onun şüarı “Yolumuza davam”dır. “Əgər görülən işlərin davam etdirilməsini, yarımçıq qalmış işlərimizi uğurla yekunlaşdırılmasını istəyirsinizsə, 7 noyabrda qutu başına gələrək, ən layiqli namizədə səs verin. O namizədə ki, sizi nəinki şəhər, həm də respublika səviyyəsində uğurla təmsil etsin”.

Sonra seçicilər çıxış etdilər. Seçicilərdən biri söz alaraq dedi ki, beş il bundan öncə də Azay Quliyevin seçicilər görüşü zamanı çıxış edib: “Son beş ildə deputatımızın qəsəbə və şəhər üçün gördüyü işlərə görə biz deputatımızla fəxr etmişik. Demək bizim seçimimiz düzgün olub. Biz bu il də düzgün qərar çıxaracağımıza əminik. Çünki bu işləri uğurla, planlı şəkildə görə biləcək ikinci belə namizəd tanımırıq. Azay Quliyevin alternativi yoxdur”.  

Bayramlı qəsəbəsindəki görüşdən sonra Azay Quliyev Demanlı qəsəbəsində seçicilərlə görüşə getdi. Burada da namizədi böyük qələbəliklə qarşılandı. Burada çıxış edən deputatlığa namizəd çıxışına “Əziz demanlılar” ifadəsi ilə başladı. Namizədin bu sözü deməyə əsası var . Çünki şəhərin digər yaşayış massivləri kimi demanlı qəsəbəsi də daim deputatın diqqətində olub. Yeri gəlmişkən seçicilər bildirdilər ki, Azay Quliyev deputatlıq fəaliyyətinin ilk layihəsini də məhz elə Demanlıda reallaşdırıb. Burada yolların yenilənməsi, qəsəbəni şəhərlə birləşdirən körpülərin yenidən qurulması reallaşıb. Bu körpülər məktəb uşaqlarını dərsə getmək üçün uzun məsafə qət etmək əziyyətindən qurtarıb.

Azay Quliyev son beş ildə gördüyü işlər haqda qısa məlumat verdi. O, yaxın gələcəkdə planlaşdırılan və görüləcək işlər haqda məlumat verdi.

Bu görüşdə müxtəlif rəy və təkliflər səsləndi, fikirlər dinlənildi, lakin tədbirin kulminasiya nöqtəsi yerimə qabiliyyətini itirmiş bir seçicinin uzun məsafə qət edərək namizədlə görüşə gəlməsi oldu. O, ürək sözlərini dedi və sakinləri 7 noyabrda Azay Quliyevə səs verməyə çağırdı.

Bir gündə iki möhtəşəm tədbir keçirən Azay Quliyev qələbəyə bir addım da yaxınlaşdı.    


Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə