Modern.az

Bəxtiyar Sadıqova görə müxalifət “aqressiv”, “nihilsit”dir, məntqləri də “gülməlidir”..

Bəxtiyar Sadıqova görə müxalifət “aqressiv”, “nihilsit”dir, məntqləri də “gülməlidir”..

22 Oktyabr 2010, 16:47

“Çox təəssüf ki, Azərbaycandakı aqressiv müxalifət partiyaları anormal «seçki mübarizələrindən» – şər-böhtan və iftira kampaniyasından, ifrat radikalizmdən əl çəkə bilmirlər. Bu da ilk növbədə onların ötən illərdə siyasi cəhətdən tam yetkinləşmədiyini, sivil və müasir mübarizə metodlarını əxz edə bilmədiyini göstərir”.

Bu sözləri “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-n seçkilərdə vahid namizədi Bəxtiyar Sadıqov hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.  Baş redaktorun fikrincə, aqressiv müxalifətin ayrı-ayrı deputatlığa namizədləri öz platformalarını açıqlamaq əvəzinə, iqtidarın fəaliyyətinə xələl gətirmək yolu tutublar. Bununla yanaşı o bildirib ki, əslində, xalqın etimadını itirmiş, siyasi proseslərə təsir imkanları olmayan ifrat radikal müxalifət partiyalarının bu mövqedən çıxış etməsinə də təbii saymaq lazımdır.  B.Sadıqovun sözlərinə görə, seçki bütün demokratik cəmiyyətlərdə sivil siyasi mübarizə forması olsa da, Azərbaycan müxalifətinin bu mübarizəyə hazır olmadığı son 17 ilin reallıqları fonunda öz təsdiqini birmənalı şəkildə tapıb.

“İndiyə qədərki fəaliyyətində heç bir ciddi uğura imza atmayan bu nihilist qüvvələr siyasi səhnədəki mövcudluqlarına «haqq qazandırmaq» üçün çıxış yolunu ölkədə keçirilən bütün seçkilərin demokratikliyini şübhə altına almaqda görürlər. Bu qüvvələr hər dəfə seçkilər ərəfəsində «öngörənlik» etməklə, seçkilərin guya demokratik keçirilməyəcəyini bildirir, cəmiyyəti və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Azərbaycanda keçirilən heç bir seçkinin nəticəsini qəbul etməməklə, cəmiyyətdə özlərinin cığal və destruktiv obrazlarını yaradıblar”.-deyən deputat qeyd edib ki, radikalların gülünc «məntiqi» bundan ibarət olub ki, guya onların qalib gəlmədiyi seçki demokratik hesab oluna bilməz.

“Rəqibin üstünlüyünü, gücünü görməzliyə vurmaq, nailiyyətlərinə qısqanclıqla yanaşmaq, bunu etiraf etməmək radikal müxalifət partiyalarının sivil və intellektual mübarizədən uzaq qaragüruh yığnağı olduğunu bir daha təsdiqləyir”-deyə o vurğulayıb.

Mətbuatın seçkilərdə iştirakı məsələsinə toxunan baş redaktor bu ilki durumun sevindirici olduğunu deyib.
 “Sevindirici haldır ki, 2003, 2005-ci illərdə keçirilmiş seçkilərə nisbətən mətbuat nümayəndələrinin kəskin qarşıdurması, ifrat siyasiləşməsi qabarıq duyulmur. Eyni zamanda, ayrı-ayrı qəzetlər, televiziyalar seçki prosesi ilə bağlı informasiyaları, məlumatları operativ şəkildə cəmiyyətə çatdırırlar”-deyən deputat vurğulayıb ki, təşviqat mərhələsində isə televiziya və mətbuatın rolu bir qədər də güclənib.
MSK-ya əvvəlcədən müraciət etmiş KİV-lər ödənişli əsaslarla təşviqat materialları yerləşdirirlər. Bununla belə, o, müxalifət qəzetlərinin rəqiblərinə qarşı apardıqları şər-böhtan və iftira kampaniyası pislənilməli və ictimai səviyyədə qınamağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə