Rusiya prezidenti həmkarlarını ADR-in süqutunda həlledici rol oynayan şəhərə çağırdı
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Rusiya prezidenti Vladimir Medvedyevin dəvəti ilə 27 oktyabrda Həştərxanda bir araya gələcəklər. Bu barədə “Praym-TASS” agentliyi Kremldəki mənbələrə istinadən məlumat yayıb. Üç tərəfli görüş zamanı prezidentlər Dağlıq Qarabağ probleminin həlli yolları ilə bağlı məsələləri müzakirə edəcəklər.
Bu görüş Rusiyanın himayəsi altında Qarabağ probleminin həlli imkanları barədə müşahidəçilərin proqnozlarını gücləndirib. Modern.az bir qədər əvvəl Qarabağla bağlı “yol xəritəsi” planının olduğunu yazmışdı. Məlumatda deyilirdi ki, bu ilin sonuna qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı “yol xəritəsi” imzalanacaq. Bu sensasiyaslı xəbəri qondarma Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Arman Melikyan keçirdiyi mətbuat konfransında bəyan etmişdi. Melikyan bildirib ki, Minsk Qrupunun qiymətləndirmə missiyasının işğal olunmuş torpaqlara sonuncu səfərində ən vacib nüans kimi bu tərkibə BMT-nin qaçqınlar üzrə ali komissarının nümayəndəsinin qoşulması olub. Onun sözlərinə görə, bu onu göstərir ki, Minsk Qrupu bu əraziləri “Azərbaycana məxsus olduğunu” qəbul edirlər.
Bundan əlavə Minsk Qrupunun “işğal olunmuş” ərazilərlə bağlı vəziyyətə yekun qiyməti və burada azərbaycanlıların məskunlaşması ilə bağlı mövqelərini hazırladıqları hesabata daxil etmələri məhz “yol xəritəsi” haqqında deyilənləri təkzib etmir. Yeri gəlmişkən, bu arada BMT-nin Baş katibi Pan Gi Mun bəyan edib ki, BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır.
"Bizim bir çox münaqişələrimiz var və bu münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi də dialoq və sülh yolu ilə həll edilməlidir. BMT də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır" –deyən Pan Gi Mun münaqişəni uzunmüddətli” adlandıraraq həllinin tezliklə vacib olduğunu vurğulayıb.
Modern.az