Oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olublar. (AzərTAc).
Prezidentə məlumat verilib ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa edilib. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurub. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunmuşdur. Cümə məscidində keçən əsrin 70-80-ci illərində aparılan qazıntılar zamanı onun həyətində mədrəsə, xeyli hücrə və qəbirlər aşkarlanıb. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı və talanlar zamanı ən böyük qırğın Cümə məscidində törədilib. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək, təxminən 1700 nəfər günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə olunmayan məscid dağılmaq təhlükəsi ilə üzləşib.
Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan yenidənqurma işləri Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Məlumat verilib ki, məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Artıq köhnə yardımçı binalar sökülüb və onun yerində yeniləri inşa olunur. Köhnə günbəzin yenisi ilə əvəz olunması ilə bağlı betonlaşma işləri də başa çatıb. Növbəti mərhələdə yeni günbəzin tikintisinə başlanacaq. Məscidin üstündəki günbəz qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcək. Məscidin 36 metr hündürlüyündə olacaq iki minarəsinin artıq özülü qoyulub. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül-bərkitmə işləri aparılıb. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Onlardan artıq dördü tikilmiş, beşincisi tamamlanmaq üzrədir, altıncısının isə bu yaxınlarda inşasına başlanacaq.
Bildirilib ki, məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar tikiləcək. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, məscidin qarşısında üstündə günbəz olan dörd metrlik giriş qapısı da olacaqdır. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 4 milyon manat vəsait ayrılıb. Bu da bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən, memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin mükəmməl surətdə yenidən qurulmasına imkan verəcək.