Modern.az

«Məmurlar vətəndaşlara xidmət etməyə borcludurlar» ®

«Məmurlar vətəndaşlara xidmət etməyə borcludurlar» ®

23 Oktyabr 2010, 19:05


«Müharibədə ayağını itirmiş qardaşım əlil arabası almaq üçün pul verməməlidi. Məmur şəhid ailəsini, müharibə əlilini, veteranını qapı dalında gözlətməməlidi. Biz hər addımda hüququ pozulan, məmur özbaşınalığı, rüşvətxorluqla qarşılaşan şəhid övladını, lazım gəlsə, vətəni qanı, canı ilə müdafiə etməli olduğuna necə inandıra bilərik?!».

Bu fikirləri 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Bakı tikiş sənayesi” ATSC-nin həyətində seçicilərlə keçirdiyi növbəti görüşdə səsləndirib. Onun üçün şəhid ailələrinin, müharibə əlil və veteranlarının ölkənin ən hörmətli vətəndaşları olduğunu qeyd edən millət vəkilinin fikrincə, dövlət bu qəbildən olan insanların pulsuz səhiyyə xidmətlərindən yararlanması üçün müvafiq tədbirlər görməlidir. Bu ailələrin uşaqları isə dövlət hesabına yaxşı təhsil almalıdırlar.

"Deputatlar məmurlarla seçicilər arasında vasitəçi olmağa məcburdular. Çünki çox vaxt məmurlar öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmirlər və vətəndaşlar adi kommunal problemlərin həlli üçün deputata müraciət etmək məcburiyyətində qalırlar. Amma məmur vətəndaşa xidmət etməyə borcludu» - deyə A.Mollazadə bildirib.
Son illərdə Azərbaycanın dövlət büdcəsinin bir neçə dəfə artdığını xatırladan millət vəkili «Biz istəyirik ki, bu büdcə xalqın inkişafına, təhsil səviyyəsinin yüksəlməsinə, bütün sahələr üzrə peşəkarların hazırlanmasına, sosial müdafiəyə ehtiyacı olan insanların rifahının yaxşılaşdırılmasına sərf edilsin"- deyib. O, enerji daşıyıcılarından gələn gəlirlərin əsas hissəsinin təhsilə yönəldilməsinin vacibliyini önə sürüb. A.Mollazadənin sözlərinə görə, hazırda ölkədə informasiya və kommunikasiya texnologiyaları, turizm, aqrar sektorda işləyəcək peşəkar mütəxəssələrə ehtiyac var. «Gənc Azərbaycan dövlətinin inkişafı, qüdrətli olması üçün ilk növbədə keyfiyyətli təhsilə üstünlük vermək, dünya gəncləri ilə rəqabət apara biləcək intellektual, peşəkar bir nəsil yetişdirmək lazımdır. Biz ölkənin enerji ehtiyatlarından əldə etdiyimiz gəlirləri məhz insanlarımızın inkişafına yönəltməliyik. Elə etməliyik ki, ölkəmizin gələcək taleyi təkcə neft-qaz gəlirlərindən asılı olmasın».

A.Mollazadənin fikrincə, həkimlərin, müəllimlərin, dövlət büdcəsindən asılı olan digər peşə sahiblərinin öz vəzifələrini vicdanla yerinə yetirmələri üçün onların maaşlarını rüşvətsiz yaşamalarına imkan verəcək səviyyəyə qaldırmaq lazımdır.

Qarabağ probleminin dinc yolla həllinə üstünlük verən millət vəkili deyib: «Maşın almaq, dağılmış evi yenidən tikmək olar, amma itirilmiş insan həyatını heç nə ilə geri qaytarmaq olmaz. Mən istəmirəm ki, müharibə olsun, hər şeydən dəyərli olan gənclərimizi itirək, yenidən anaların göz yaşlarını görək. İstəyirəm ölkəmiz iqtisadi cəhətdən elə inkişaf eləsin, elə qüdrətli olsun ki, işğalçılar bu gücün qarşısında geri çəkilmək məcburiyyətində qalsın».

Sonra seçicilər Asim Mollazadənin ötən beş illik fəaliyyətinə müsbət qiymət veriblər. Hər zaman millət vəkilinin qayğısını hiss etdiklərini, onu özlərinə doğma bildiklərini və Asim Mollazadənin simasında parlamentdə səslərini eşidən bir nəfərin olmasından məmnun qaldıqlarını söyləyiblər. 7 noyabrda seçki məntəqələrinə məhz Asim Mollazadənin adını tutaraq gələcəklərini bildiriblər.



Seçki qərargahı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə