11 noyabrda Təzəpir məscidində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından şəhid hərbçilər - Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov və baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, dövlət başçısının adından təşkil olunan mərasimdə şəhidlərin valideynləri, yaxın və qohumları iştirak ediblər. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyev cənablarının adından və şəxsən öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlıqlarını bildirərək, şəhidlərin ruhlarını yad edib.
Şeyxülislam A.Paşazadə şəhidlərə, onların ailələrinə olan dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük önəm kəsb etdiyini bildirib və bu sahədə ölkə rəhbəri Prezident İlham Əliyevin səylərini yüksək dəyərləndirib.
Tədbirə qatılan Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxın və qohumlarına başsağlığı veriblər.
Tədbirə toplaşanlar adından çıxış edən ağsaqqal Fəttah Heydərov şəhidlər haqqında ürək sözlərini söyləyib, onların valideynlərinə başsağlığını bildirib.
Mərasim iştirakçıları şəhidlərin mübarək məzarlarını ziyarət ediblər. Daha sonra ehsan mərasimi düzənlənib.
Modern.az