Zirvə görüşündə “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” və birgə Bəyannamə imzalanıb
Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başa çatıb. Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, zirvə görüşünün sonunda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar. Bundan başqa dövlət başçıları birgə Bəyannamə qəbul ediblər.
“Sahilyanı ölkələrin dövlət başçıları Xəzərdə öz milli zonalarını razılaşdırmaq barədə qərar qəbul ediblər”.
“RİA Novosti”nin yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Prezident bildirib ki, zirvə toplantısına qatılan dövlət başçıları hər bir ölkənin dənizdəki milli zonalarının ən qısa vaxtda müzakirə edilməsi və razılaşdırılması barədə qərar qəbul ediblər. Bundan başqa prezident bildirib ki, sammitdə Xəzər dənizində nərəkimilər fəsiləsindən olan balıqların ovuna 5 il müddətinə moratorium qoyulması ilə bağlı mexanizm hazırlamaq və müzakirə etmək barədə də razılıq əldə olunub.