Bu gün jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, Xəzər dənizində nərəkimilərin ovlanmasına moratoriumun tətbiqi Azərbaycanda bəzi balıq məhsullarının qiymətinin artmasına təsir edə bilər.
O, qeyd edib ki, qiymət artımını bütün balıq növlərinə şamil etmək olmaz. Konkret olaraq söhbətin nərəkimilərdən getdiyini dilə gətirən nazir bunun əhali tərəfindən etirazla qarşılanacağına inanmadığını deyib.
Nazir moratoriumun tətbiqinin ölkədəki balıq emalı müəssisələrinin fəaliyyətinə də təsirsiz ötüşməyəcəyi barədə də danışıb: “Bu məsələlər müzakirə olunub. Xəzəryanı dövlətlərin prezidentləri qərara gəldilər ki, Azərbaycanın da, Xəzəryanı başqa ölkələrin də iqtisadiyyatında bu, o qədər də böyük rol oynamır. Ona görə də Xəzər dənizinin bioresurslarının bərpası naminə müəyyən məhdudiyyətlərə getmək olar”.
H.Bağırov moratoriumun tətbiqinin brakonyerliyə qarşı mübarizənin güclənməsində mühüm rol oynayacağını da bildirib.
Modern.az