Modern.az

Samir Şərifov Asiya İkişaf Bankının yeni rəhbərini qəbul edib

Samir Şərifov Asiya İkişaf Bankının yeni rəhbərini qəbul edib

23 Noyabr 2010, 12:36

Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB)  Müdirlər Şurasının Azərbaycan tərəfindən üzvü Samir Şərifov AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni direktoru Olli Noroyononu qəbul edib. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə bankla Azərbaycan arasında hazırkı əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

O.Noroyono bildirib ki, təmsil etdiyi bank Azərbaycanda həm dövlət, həm də özəl sektorda energetika, nəqliyyat, şəhər təsərrüfatı və digər istiqamətləri əhatə edən layihələrin reallaşdırılması istiqamətində fəaliyyət göstərir. O, AİB-nın enerji və nəqliyyat sahələrində layihələrin kreditləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bundan əlavə, bank Azərbaycanda 5 regional texniki yardım layihəsi təqdim etməyə hazırdır. O.Noroyono qeyd edib ki, AİB-nın Azərbaycandakı nümayəndəliyi ölkə üzrə biznes fəaliyyəti ilə bağlı plan-strategiya hazırlayacaq.

AİB ilə Azərbaycan hökuməti arasında əlaqələri yüksək qiymətləndirən S. Şərifov O.Noroyononun daimi nümayəndəliyə rəhbərliyi dövründə AİB ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib və bu işdə ona lazımi dəstək və yardım göstərəcəyini bildirib.

Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür. Bank 2010-cu il üçün Azərbaycanda kreditləşdirmə üçün prioritet sahələr kimi nəqliyyat, enerji və su təchizatını müəyyən edib. 2010-cu ilin əvvəlinə bankın kredit portfeli Azərbaycanda 14 layihə üzrə 660,4 mln. dollar təşkil edir. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə 13,122 milyon dollar məbləğində qrant ayırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə