Modern.az

Klassik şeirin ustadı Dədə Şəmşirin doğum günüdür - FOTOLAR

Klassik şeirin ustadı Dədə Şəmşirin doğum günüdür - FOTOLAR

16 Mart 2016, 15:46


Kəlbəcər adı çəkiləndə əvvəlcə əzəmətli dağlar və bu dağların qoynunda yazıb-yaradan Dədə Şəmşir yada düşür. XIX əsrin sonu, XX əsrin əvvəlində formalaşan Kəlbəcər ədəbi mühiti də elə Dədə Şəmşirlə yaşıddı.

Aşıq Şəmşir Qurban oğlu Qacayev 1893-cü il martın 16-da Kəlbəcərin Dəmirçidam kəndində Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açıb, sənətin ilk sirlərini də atasından öyrənib.
Şair Qurban oğlunun qeyri-adi istedada malik olduğunu görüb ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi. 

Sənətin sehrini, sirrini böyük ustadlardan öyrənəndən sonra artıq 1915-ci ildən etibarən Aşıq Şəmşir müstəqil aşıqlıq etməyə başlayır. Məclisdən-məclisə, toydan-toya yetkinləşir, püxtələşir. O, artıq gənclik çağlarında öz elində, obasında tanınır, sevilirdi.

Amma Aşıq Şəmşirin bütün Azərbaycana və bütövlükdə saz-söz aləminə bələd olması, şübhəsiz ki, Səməd Vurğunun Kəlbəcəri ziyarəti ilə bağlıdır.



1955-ci il Kəlbəcər üçün, Aşıq Şəmşir üçün uğurlu oldu. Avqust ayında Azərbaycanın qüdrətli şairi Səməd Vurğun Kəlbəcərə – “İstisu”ya gəldi, həmin ayın 5-də Boyaqlı Turşsuyunda Aşıq Şəmşirlə görüşdü. Aşıq Şəmşir sazının zilini zil, bəmini bəm eləyib bədahətən söylədiyi “Xoş gəldin” rədifli qoşması ilə Səməd Vurğunu salamladı.

Səməd Vurğun aşığın bu şirin avazından, sehirli səsindən sonra, elə bil, ağrılarını unutdu, canlandı, ilhamlandı, azar-bezarını büsbütün unutdu, “Kazbek” qutusunun üstünə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə” misrası ilə başlayan “Məni” rədifli şeirini yazaraq o zaman Kəlbəcər rayonunun prokuroru işləyən, əslən qazaxlı olan el şairi Paşa Salahlıya verib dedi: “Ayə, Paşa, qadan alem, bunu saxla, axşamkı görüşdə oxuyaram”.

Elə həmin gün rayon mədəniyyət evində şairlə görüş zamanı sonda söz Aşıq Şəmşirə verildi. Heç kəsin, hətta Səməd Vurğunun da gözləmədiyi halda Aşıq Şəmşir Səməd Vurğunun qoşmasına yazdığı “Səni” rədifli qoşmasıyla səhnəyə çıxdı.

…Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı,
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var,

Səndən dərs almağa diyarbədiyar,
Gəzirəm əlimdə şam-çıraq səni.

Aşığın bu ülfəti Səməd Vurğunu elə vəcdə gətirdi ki, səhnəyə yeridi, aşığın sazını öpdü, belinə qol dolayıb ayaqlarını yerdən üzdü, üç dəfə fırladıb yerə qoydu, dedi ki, “mən dünyanı gəzib-dolaşmışam, çox görüşlərdə olmuşam, amma indiyəcən belə heyran olmamışam, belə sevinc hissi keçirməmişəm!”.

Bundan sonra Aşıq Şəmşir Dədə Şəmşir oldu, yenidən doğuldu, boy verdi, yaşayıb-yaratdı.

1957-ci ildə yazıçıların plenumu Aşıq Şəmşiri yekdilliklə Azərbaycan Yazıçılar İttifaqına üzvlüyə qəbul etdi. Elə həmin il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verildi. 

Bundan başqa, ustad aşıq anadan olmasının 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü ildə “Şərəf nişanı” ordeni ilə də təltif olunub.
Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında zəngin nümunələr yaradıb. Kəlbəcər ədəbi mühitini gözəl bilən Dədə Şəmşir ağız ədəbiyyatının, şifahi və yazılı ədəbiyyatımızın nadir bilicisi kimi öz fərdi yaradıcılıq məktəbini yaradıb. Aşıq Xalıqverdi, Aşıq Allahverdi Qəmkeş, Aşıq Qardaşxan kimi 40-dan çox saz-söz sənətkarının yetişməsində, kamilləşməsində, püxtələşməsində ustadın böyük rolu olub.

“Şəmşir və Sənubər”, “Cəlal və Minayə”, “Misir və Sənəm” kimi dastanların, “Polad” adlı nəzmlə yazılmış qəhrəmanlıq dram əsərinin, “Əsli və Kərəm” dastanının səhnələşdirilmiş müəllifidir Dədə Şəmşir!
Onun özünün yazdığı neçə-neçə şeir, qoşma kitabları bu gün də oxucuların stolüstü kitabına çevrilərək sevilə-sevilə oxunur.
Dədə Şəmşir 1980-ci il fevralın 10-da 87 yaşında sevə-sevə vəsf elədiyi bu dünyaya “əlvida” dedi.

Özündən sonra zəngin irs qoyub getmiş Dədə Şəmşirin yaradıcılığı sevilə-sevilə öyrənilməklə yanaşı, hazırda bu barədə bir-birindən maraqlı tədqiqat əsərləri yazılmaqdadır.

Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.

Mərhum prezident  Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə Əməkdar İncəsənət Xadimi, “Şərəf” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmçinin, Sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək büstü ucaldılıb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) Dədə Öyüdləri iki çildilik və s kitabları çap olunub.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...