
Bu gün Bakı Apelyasiya Məhkəməsində “Ayna-Zerkalo”nun əməkdaşı, jurnalist Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılıb.
Modern.az saytı xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə R.Mirqədirova 5 il şərti həbs cəzası kəsilib. Jurnalist məhkəmə zalında azadlığa buraxılıb.
R.Mirqədirov azadlığa çıxan kimi jurnalistlərə deyib ki, heç bir günahı yoxdur. Bəraət alana kimi mübarizəsini davam etdirəcək.
O, həmçinin qeyd edib ki, bir müddət sonra jurnalistikaya qayıdacaq.
R. Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunub. İlkin olaraq jurnalist barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Mirqədirova hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalistin vəkili Fuad Ağayev hökmdən apellyasiya şikayəti vermişdi...
Modern.az