Modern.az

”İslahatlar siyasəti artıq gözəl nəticələr verir” - İlham Əliyev

”İslahatlar siyasəti artıq gözəl nəticələr verir” - İlham Əliyev

19 Mart 2016, 23:59

 

“İqtisadi sahədə aparılan dərin islahatlar əminəm ki, neft amilindən asılılığımızı tamamilə aradan götürəcək. Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik”. Modern.az saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.

Dövlət başçısı vurğulayıb ki, keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir: “Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir. Onu da qeyd etmək istəyirəm ki, biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir”.

İlham Əliyev bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görübdür:   “Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq. Onu da qeyd etmək istəyirəm ki, dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni, bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın iş yeri açılmışdır. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcəkdir”.  

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...