Modern.az

Məcburi köçkün 23 il yaşadığı binadan çölə atılır

 Məcburi köçkün 23 il yaşadığı binadan çölə atılır

Təhsil

24 Mart 2016, 21:55

 

“Ermənilərin Kəlbəcəri işğal etməsi nəticəsində öz yurd-yuvasından qaçqın düşmüş yüzminlərlə insanlardan biriyəm. Ermənilər Kəlbəcəri işğal edərkən ailəmlə birlikdə doğulduğum Başlıbel kəndində 4 ay dəhşətli mühasirə həyatı yaşamışam. Bu faciəni qələmə almağa yüzlərlə kitab da azlıq edər. Atam və qardaşımın yoldaşı daxil bir neçə yaxın qohumum həmin hadisələrdə şəhid olub. Allahın möcüzəsi nəticəsində 4 aydan sonra erməni mühasirəsindən xilas olaraq qurtula bilmişik. Həyat yoldaşım da ağır güllə yarası alaraq ömürlük şikəst olub”. Modern.az saytı xəbər verir ki, bunu Kəlbəcər rayonundan məcburi köçkün Ələkbər Ələsgərov redaksiyamıza ünvanladığı müraciətində bildirib.  

Məcburi köçkün müraciətində daha sonra bildirir ki,1993-cü ildə hökumət nümayəndələrinin iştirakı ilə bizim ailəni Yevlax rayonunun Tanrıqulular kəndində köhnə idarə binasına yerləşdiriblər: “Burada min bir əziyyətlə yaşamağa məcbur olmuşuq. İdarənin həyətindəki kiçik torpaq sahəsini əkib becərməklə özümüzü saxlamağa çalışmışıq. Son illər eşitdik ki, kiminsə buraya gözü düşüb və hansı yollarlasa sənəd düzəldərək bizi buradan çıxarmaq fikrinə düşüb. 2014-cü ildə bizi Yevlax rayon Məhkəməsinə çağırdılar ki, bu ərazini bir qadın alıb və buranı boşaltmalıyıq. Mən onlara bildirdim ki, ölkə prezidentinin və Nazirlər Kabinetinin qərarı var ki, məcburi köçkünləri o halda yaşayış yerindən çıxarmaq olar ki, onlar başqa yerdə mənzillə təmin olunsunlar. Həm də biz burada 1993-cü ildən məskunlaşmışıq. Lakin şəhid ailəsi olmağıma, özümün və yoldaşımın əlil olmamıza baxmayaraq məhkəmə bizim buradan çıxarılmamızla bağlı qərara çıxardı. Bizim müraciətimizə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bir neçə dəfə Ədliyyə Nazirliyinə və Yevlax rayon Məhkəməsinə rəsmi məktubla müraciət edərək bu qərarın Prezidentin və Nazirlər Kabinetinin göstəriş və sərəncamlarına uyğun olmadığını bildirsə də, buna qulaq asan olmadı. Bizə olmazın mənəvi təzyiqlər olundu. İnanın ki, son iki ildə çəkdiyim mənəvi ağrılar 4 ay erməni mühasirəsindəki günlərdən də çətin oldu. İndi bizə bayramdan sonra buranı boşaltmaq barədə vaxt veriblər”.

İş günü olmadığından qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Modern.az saytı qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...