Modern.az

İlham Əliyevin Vaşinqton səfəri nə vəd edir?

İlham Əliyevin Vaşinqton səfəri nə vəd edir?

28 Mart 2016, 13:24

 

“Ölkə prezidentinin Vaşinqtona Qlobal Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunmasının özü çox böyük hadisədir. Bu, Azərbaycana və onun dünya siyasi proseslərində oynadığı rola verilən dəyərdir. Üstəlik də son zamanlar Qərbin, xüsusilə də ABŞ-ın Azərbaycanla bağlı siyasətində pozitiv istiqamətdə ciddi dəyişiklərin şahidi oluruq. Vaşinqton bölgədə lider dövlət kimi Azərbaycanın oynadığı rola böyük önəm verir və bunu dəstəklədiyini bildirir”.

Bunu keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında prezident İlham Əliyevin ABŞ-a bu günlərdə baş tutacaq səfərini şərh edərkən deyib. Ekspert İlham Əliyevin Qlobal Nüvə Sammiti ilə bağlı ABŞ-a səfəri zamanı Ermənistan prezidenti Serj Sərkisyanla görüşünün olacağını da düşünür:

“Barak Obamanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gözlənilir.

Vaşinqtonun Dağlıq Qarabağ probleminin nizamlanmasına qatılması prosesində Minsk Qrupundan əlavə səylər göstərməsi təqdirə layiqdir. Bu o deməkdir ki, digər dövlətlərin də bu prosesə qatılması Ermənistanı və onun havadarlarını məsələyə daha pozitiv yanaşmağa vadar edəcək. Artıq biz bunu Rusiyanın indiki davranışlarında müşahidə etməkdəyik.

Bu günə qədər Rusiya prezidentinin vasitəçiliyi ilə olan görüşlərdən müsbət nəticələr əldə edilməsinə imkan verilməyib.  

Ermənistanın problemin həllində tutduğu mövqe müəmmalı görünür. Ermənistanın görüşlərdə Rusiyanın təlimatları ətrafında hərəkət etməsi hələ də məsələnin həllini uzadır.

Azərbaycan prezidentinin nüvə samitində çıxışları olacaq.

Azərbaycan problemləri, təhlükəsizliklə bağlı məsələlər oraya toplaşan aparıcı dövlətlərin başçıları qarşısında müzakirə olunacaq. Problemin dünya ictimai rəyinə çatdırılması, Azərbaycanın siyasətinin beynəlxalq hüquq normalarına uyğun olmasını çatdırması baxımından bir şansdır”-deyə politoloq bildirib.

Qabil Hüseynli ABŞ lideri Barak Obama ilə ölkə başçısı İlham Əliyevin baş tutacaq görüşünü də şərh edib: “İlham Əliyevlə Barak Obamanın iki tərəfli görüşü də nəzərdə tutulur. Güman edirəm ki, bu görüşdə əsas müzakirələr Azərbaycanın təhlükəsizlik məsələsi olacaq. Obama ilə müzakirələr zamanı əsas məsələ Azərbaycanın Qərb üçün oynadığı indiki rol olacaq. Azərbaycanın bu gün əsas problemi olan ərazi bütövlüyü məsələsini İlham Əliyev Obama və həm də digər ölkələrin başçılarına çatdıracaq.

Ağa AKİFOĞLU  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...