Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin köməkçisi Mehmet Ali Şahin Dağlıq Qarabağda 12 Azərbaycan əsgərinin öldürülməsi ilə bağlı açıqlama verib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, tanınmış siyasətçi deyib: “Biz Türkiyə olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilirik və Azərbaycanın yanındayıq”.
Onun fikrincə, Dağlıq Qarabağ məsələsi uzun illərdir o bölgədə qanqrena halına gəlmiş bir problemdir: “O torpaqlar Azərbaycan ərazisi idi və Ermənilər tərəfindən işğal edilib. Burada bir sülhün təmin edilməsi ilə bağlı üçtərəfli beynəlxalq bir təşəbbüs var. Bu tərəflər dövrəyə girərək işğal edilmiş torpaqların Azərbaycana verilməsi nəticəsini doğuracaq olan bir sülh planını hazırlayaraq, bunu tərəflərə qəbul etdirmədikcə, orada belə qarşıdurmalar qeydə alınır. Məmnuniyyətlə öyrəndim ki, Azərbaycan tərəfi atəşkəs elan edib, amma Ermənistan tərəfi müharibəyə davam edir. Dünyanın heç bir bölgəsində məsələlərin silah yolu ilə həll edilməsi tərəfdarı deyilik. Burada da məsələnin silah işlədilmədən, insanlar ölmədən həll olmasını arzu edirik. Ancaq biz Türkiyə olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilirik və Azərbaycanın yanındayıq”.
Modern.az