Oktyabrın 18-də Norveçin paytaxtı Oslo şəhərində COP29-la bağlı tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbir Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondunun və GPM-in (Gənc Politoloqlar Mərkəzi) dəstəyi ilə baş tutub.
Diaspor fəallarının, diplomatik nümayəndəliklərin, həmçinin Norveç rəsmilərinin iştirak etdiyi tədbirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyd olunub.
Tədbirin mədəni hissəsi musiqiçi Mari Sahbanın ifası ilə başlayıb. Mari Sahba Norveçin Tronheym şəhərində böyüyüb. Onun anası norveçli, atası isə Cənubi Azərbaycandandır. Konfrans hissəsində isə Norveçin iqlim və ətraf mühit nazirinin siyasi müşaviri Tore Onşus Sandvik çıxış edib.
Ümumilikdə 15 ölkə tədbirdə təmsil olunub. Onlar arasında Qazaxıstan, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, Kolumbiya, Venesuela, Misir, Mərakeş nümayəndələri olub.
Avstraliya Azərbaycanlılar Assosiasiyasının prezidenti Mikayıl Oyta, həmçinin Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xalid Kələntər konfrans iştirakçılarına müraciət edib. Norveçin Sosialist Sol Partiyasının (SV) Beynəlxalq Rəhbər Komitəsinin üzvü Mahmud Əhməd də çıxış edənlər arasında olub.
Çıxış edən tanınmış jurnalist Nigar İbrahimova iqlim müzakirələrində medianın rolu haqqında öz təcrübələrini və fikirlərini bölüşüb. Tədbirdə COP29-dan əvvəl Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasından bəhs edilib və kampaniyanın insan haqları ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Konfransda 4 tanınmış jurnalist də iştirak edib və onlar Azərbaycana qarşı qarayaxma kampaniyasının əsassız olduğunu vurğulayıb.
Təşkilatçıların verdiyi məlumata görə, Norveçdə yaşayan bəzi dairələr tədbirin keçirilməsinə qarşı olub və təxribat ehtimalını nəzərə alaraq Norveç polisindən dəstək istənilib.