Modern.az

Dünyanın erməni diasporu: Avropa ölkələrindəki daşnak, hıncak və ramqavarlar - ARAŞDIRMA (II)

Dünyanın erməni diasporu: Avropa ölkələrindəki daşnak, hıncak və ramqavarlar - ARAŞDIRMA (II)

19 Yanvar 2023, 10:32

Ermənistan Respublikasının torpaqlarımıza hərbi təcavüzü nəticəsində 25 mindən çox azərbaycanlı  qətlə yetirilib, 50 mindən artıq soydaşımız yaralanıb və əlil olub. Qaçqın-köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı kimi elementar insan haqlarından məhrum edilib.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan olunub, yandırılıb, 6 min sənaye və  kənd təsərrüfatı müəssisəsi, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilib, ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb.
İşğal edilmiş ərazilərdə kənd və su təsərrüfatı sahələri, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılıb. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 100 milyard ABŞ dollarından artıq ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Erməni separatizmi və işğalçılıq siyasətinin həqiqi üzünü görmək üçün hər şeydən əvvəl dünyanın müxtəlif regionlarında yerləşən və qanlı aksiyalar törətmiş terror təşkilatlarına yaxından yardım edən diasporun fəaliyyətinə nəzər salmaq lazımdır.

Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində topladığımız bəzi məlumatların ikinci bölümünü diqqətinizə təqdim edirik.

Qeyd edək ki, ötən yazımızda Orta Şərq və Afrika ölkələrindəki erməni diasporunun fəaliyyətinə toxunmuşduq.

Bu dəfəki yazımızda Avropa ölkələrindəki erməni diasporundan bəhs edirik:

Avropa ölkələri

Statistik məlumatlara və müxtəlif mənbələrə əsasən, Avropa ölkələrində yaşayan ermənilərin təxmini sayı belədir:

Fransa ------- 450.000

İngiltərə ----- 12.000

İtaliya -------- 2.000

Almaniya --- 40.000

Yunanıstan - 20.000

Fransa erməniləri

Avropa ölkələri arasında ən çox erməninin yaşadığı ölkə Fransadır.

Osmanlı İmperiyası dövründə Fransa, Anadolu torpaqlarında öz iqtisadi nüfuzunu və təsirini genişləndirmək məqsədi ilə, 1830-cu ildən başlayaraq 1920-ci ilə qədər uzun müddət ərzində bu bölgələrdə yaşayan ermənilərlə yaxından maraqlanan, onlardan Osmanlı dövlətinə qarşı bir silah və təzyiq vasitəsi kimi istifadə edən ilk Avropa ölkəsidir.

Xüsusilə də, Birinci Dünya Müharibəsindən sonra məğlubiyyətə uğramış Osmanlı İmperiyası ilə Antanta dövlətləri arasında imzalanmış Mondros müqaviləsindən sonra Anadolunun işğalı sırasında fransız-erməni əlaqələri daha da möhkəmlənmiş, fransız işğal qüvvələri erməni milis və könüllü dəstələrinin yardım və dəstəyi ilə müştərək surətdə Anadolunu işğal etmişdir. İşğal sırasında xüsusilə ermənilər, yerli türk əhalisi arasında dəhşətli qırğın, qətl və kütləvi soyqırımları törətmişdi.

Lozanna sülh müqaviləsinin imzalanmasından sonra Fransada fəaliyyət göstərən erməni milliyətçi partiyaları arasında daşnak partiyası öz gücünü mühafizə edərək qoruyub saxlamışdır.

Hıncaq partiyası isə Fransada fəaliyyət göstərən erməni sosialist qrup və təşkilatlarının təsiri altındadır. Digər erməni partiyası olan ramqavar isə mərkəzi ABŞ-da olan “Erməni xeyriyyə birliyi” qurumunun fransız şöbəsi nəzdində fəaliyyət göstərir.

Fransada daşnakların nəzarəti və təsiri altında olan ən böyük təşkilat “Erməni respublikası heyəti”dir. Bu təşkilat 1918-ci ilin dekabr ayında Avropadakı daşnak qruplarının  Qafqaz Erməni Respublikası üzvləri və digər erməni təşkilatlarının “Müstəqil Erməni Respublikası Parlamenti” adı altında keçirdikləri toplantının nəticəsində qurulmuş və 1919-cu ildə Paris şəhərində yerləşmişdir.

Təşkilatın ilk rəhbəri türk düşməni olaraq tanınan Avedis Aharonyan, üzvləri isə Hamo Ohacanyan ilə Mixail Babacanyan olmuşdur. Təşkilat Parisə yerləşdikdən sonra müxtəlif beynəlxalq konfrans və görüşlərdə iştirak etmək üçün Fransa hökumətindən yardım tələb etmişdir.

Fransa hökumətinin də yardım və himayəsi ilə təşkilat ardıcıl surətdə  Lozanna sülh  müqaviləsi görüşlərində iştirak edən dövlətlərə, İkinci Dünya Müharibəsindən sonra keçirilən beynəlxalq konfranslara, Potsdam konfransı iştirakçılarına, BMT Baş Katibliyinə və İnsan haqları təşkilatına müraciətlər qəbul etmiş və bu müraciətlərində hər dəfə Türkiyədən torpaq tələb etmişdir.

1968-ci ildə Fransada daşnaqların təşəbbüsü ilə “Erməni mübarizəsini müdafiə komitəsi” qurulub. Bu komitə dünyanın müxtəlif ölkələrinə göndərdiyi yazılı mətbuat və yayın orqanları vasitələri ilə süni erməni problemi və qondarma soyqırımı  iddialarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa səy göstərir.

Bundan əlavə, Fransada daşnaklar əsas etibarı ilə gənclərdən ibarət “Qabuyd haç”, yəni “Yaşıl xaç” adlı bir təşkilata da malikdirlər. Bu təşkilatın əsas vəzifəsi isə Fransada, o cümlədən dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən gənclik təşkilatları ilə əlaqələr qurmaq və geniş təbliğat aparmaqdan ibarətdir.

Fransada daşnakların “Haraç” adlı gündəlik qəzetləri dərc olunur.

Fransada daşnaklarla yanaşı, sol görüşlü, yəni sosialist və ya sosial-demokrat əqidəyə malik ermənilər də yaşayır. Bu ermənilərin mətbuat orqanları “Haçhar” və “Notre voix” qəzetləridir.

Eçmiədzin ilə Antilyas arasında mövcud olan mübarizə Fransada yaşayan ermənilərə də müəyyən təsirini göstərib. Belə ki, Fransadakı daşnaklar Eçmiədzin kilsəsi və onun dini nümayəndəsini qəbul etmirlər və bütün ibadətlərində Antilyas kilsəsi və onun dini nümayəndəsinə rəğbət göstərirlər.

Fransa erməniləri öz aralarındakı ayrı-seçkilik və ziddiyyətlərə baxmayaraq, qondarma “erməni soyqırımı” məsələsi və buna dair keçirilən bütün mərasimlərdə mütəşəkkil şəkildə hərəkət edirlər. Fransa hökuməti isə öz növbəsində ermənilərin bu mərasimlərinə qarşı hər hansı bir tədbir həyata keçirməməyə və müdaxilə etməməyə səy göstərir.

Hətta ermənilərin Fransanın paytaxtı Parisdə inşa etdikləri qondarma “soyqırımı” abidəsi, xüsusilə də Fransa parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” lahiyəsi və buna oxşar bir çox tədbirlər isə bu ölkənin birmənalı şəkildə ermənipərəst mövqe tutduğunun və erməni faktorunun fransız siyasətinin ayrılmaz bir parçası olduğunun  bariz sübutudur.

Yunanıstan erməniləri

Fransadan başqa, Avropa İttifaqına daxil olan ölkələrdən demək olar ki, heç birində erməni diasporu və lobbiləri, habelə müxtəlif erməni dərnək və cəmiyyətlərinin hərəkət və fəaliyyətləri rəsmi dövlət və hökumət səviyyəsində rəğbət görmür və dəstəklənmir. Fransada digər Avropa İttifaqı ölkələrindən fərqli olan cəhət, erməni diasporundan müxtəlif  fransız siyasi partiyalarının özlərinin məqsəd və şəxsi mənafeləri üçün istifadə etmələri faktorudur. Yəni, qondarma “erməni soyqırımı” və “erməni iddiaları” şüarları ilə çıxış edən erməni diasporu və qurumları Fransadakı siyasi partiyaların öz məqsəd və şəxsi mənafelərini həyata keçirmələri üçün yalnız bir vasitə və ya alətdir.

Yunanıstanda isə bu vəziyyət tamamilə fərqli bir xarakter daşıyır. Yunanıstan erməni diasporu və qurumlarının hərəkət və fəaliyyətlərini nəinki ölkə daxilində dövlət və hökumət səviyyəsində rəsmi surətdə dəstəkləyir və himayə edir, hətta ABŞ başda olmaqla bir sıra Avropa İttifaqı üzvü ölkələr nəzdində də ermənilərə havadarlıq edir.

Yunanıstanda mövcud olan bir çox siyasi partiya, bu partiyaların rəhbər və səlahiyyətli nümayəndələri ermənilər tərəfindən təşkil olunan müxtəlif tədbir və mərasimlərində ən yüksək səviyyədə iştirak edir və dəstəkləyirlər.

1960-cı ildə Yunanıstanda Afina, Pire və Selanikdə yaşayan ermənilərin yardım və təşəbbüsü ilə “Erməni Camaatı Komitəsi” qurulub. Bu komitə öz geniş fəaliyyətlərinə ilk dəfə 1965-ci ildə başlayıb. Komitə 1965-ci ilin may ayında BMT-yə müraciət edərək,  emənilərin 1915-ci ildə türklər tərəfindən soyqırımına uğradığını və türklərin 3000 ildən bəri ermənilərin doğma yurdu olan Qərbi Ermənistanı işğal etdiklərini, məhz buna görə də BMT-nin mövzu ilə bağlı tədbir görməsini tələb etmişdir.

Eyni ilin aprel ayında Yunanıstanda qondarma “erməni soyqırımı” ilə bağlı kütləvi mərasim və tədbirlər keçirilib. Afinada yerləşən Teotokos kilsəsində keçirilən dini mərasimdə 2000-ə yaxın erməni iştirak edib. Həmin gün Yunanıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin müşaviri M.Vardinoyannis, deputatlar Melas və Kuçokeres, Afina şəhər məclisi üzvlərindən Apostolatos və bir sıra rəsmi nümayəndələrin də iştirakı ilə “Panasos” dərnəyində keçirilən toplantıda çıxış edən erməni keşişi Keşişyan yunan və erməni millətləri arasında mövcud olan dostluq əlaqələrindən bəhs edərək, türklərin hər iki millətin düşməni olduğunu vurğulamış, “İki milyon erməninin qətl edilməsini heç bir zaman unutmayacaqlarını ” bəyan etmişdi. Keçirilən toplantıda Afinadakı küçələrdən birinə “Ermənistan” adının veriləcəyi açıqlanmışdı.

1965-ci ilin may ayında Yunanıstan patriarxı Hrisostomosun yardım və təşəbbüsü ilə Afinada keçirilən qondarma «erməni soyqırımının» 50-ci ildönümünə həsr olunmuş toplantıda Yunanıstan Təhsil Nazirliyinin siyasi işlər üzrə müşaviri G.Milonas, Yunanıstandakı erməni diasporunun mərkəzi komitəsinin sədri N.Akopyan, yunan millət vəkili S.Nikolayidis, Beyrutdan gələn erməni ruhani lideri Xoren, Kilikiya patriarxı Karenin Sarkisyan, Ermənistanın Afina müşavirliyi vəzifəsini icra etmiş A.Kiliçyan və başqa rəsmi şəxslər iştirak etmiş,Türkiyə və türklər əleyhinə nitqlər söyləmişdilər.

Bütün bu hərəkət və keçirilən tədbirlər Yunanıstanın rəsmi dövlət və hökumət orqanları tərəfindən bilavasitə dəstəklənmiş və təşkil olunmuşdur.

Qondarma «erməni soyqırımı» ilə bağlı 1967-ci ildə Yunanıstanda keçirilən tədbir və mərasimlər daha geniş vüsət alıb.

Belə ki, Afinadakı erməni kilsəsində keçirilən mərasimdə erməni patriarxı Birinci Xoren,Yunanıstandakı erməni keşişi Sahak Ayvazyan, Yunanıstan Xarici İşlər Nazirliyi, Ruhani idarəsinin rəisi, Livan səfiri və bir çox yunan rəsmi şəxslərlə birlikdə 2000-ə yaxın berməni camaatı iştirak etmişdir.

1968-ci ildə erməni hərəkətləri yunan tələbələr arasında da geniş şəkildə yayılmışdı. 9 iyun 1968-ci il tarixində Selanik universitetinə bağlı «Vasileos Pavlos» tələbə yataqxanasında erməni cümhuriyyətinin 50-ci ildönümü ilə əlaqədar toplantı keçirilib.

1969-cu ilin may ayında «Müstəqil Ermənistan cümhuriyyətinin» yaradılması günü ilə bağlı Selanikdə «Makedoniya cəmiyyəti» nəzdində toplantı keçirilib. Bu toplantıda ilk dəfə olaraq erməni əsilli ABŞ vətəndaşı professor Lee Kaçarjiyan da iştirak edib.

Yunanıstanda erməni diasporunun əsas mətbuat orqanı «Azot-or» qəzetidir. Bu qəzet Fransa və Livanda yaşayan erməni daşnak qruplarının mətbuat orqanları ilə sıx əlaqə saxlayır.

Ermənilərin qondarma «soyqırımı» iddiaları ilə bağlı mərasim və toplantılar müasir dövrdə də Yunanıstanda kütləvi şəkildə keçirilir və bu tədbirlərdə Yunanıstanın dövlət və hökumət nümayəndələri aktiv surətdə iştirak edir, erməni diasporunu dəstəkləyir.

Ardı var


Müəllif: Sevinc ƏLƏKBƏROVA,
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Hərbi elmi tədqiqat institutunun əməkdaşı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu