Modern.az

Dünyanın erməni diasporu: Orta Şərq və Afrikadakı daşnak, hıncak, ramqavarlar - ARAŞDIRMA

Dünyanın erməni diasporu: Orta Şərq və Afrikadakı daşnak, hıncak, ramqavarlar - ARAŞDIRMA

Diaspor

18 Yanvar 2023, 09:12

Ermənistan Respublikasının torpaqlarımıza hərbi təcavüzü nəticəsində 25 mindən çox azərbaycanlı  qətlə yetirilib, 50 mindən artıq soydaşımız yaralanıb və əlil olub. Qaçqın-köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı kimi elementar insan haqlarından məhrum edilib.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan olunub, yandırılıb, 6 min sənaye və  kənd təsərrüfatı müəssisəsi, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilib, ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb.
İşğal edilmiş ərazilərdə kənd və su təsərrüfatı sahələri, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılıb. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 100 milyard ABŞ dollarından artıq ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Erməni separatizmi və işğalçılıq siyasətinin həqiqi üzünü görmək üçün hər şeydən əvvəl dünyanın müxtəlif regionlarında yerləşən və qanlı aksiyalar törətmiş terror təşkilatlarına yaxından yardım edən diasporun fəaliyyətinə nəzər salmaq lazımdır.

Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində topladığımız bəzi məlumatlar diqqətinizə təqdim edirik:

Orta Şərq və Afrika ölkələri

Son statistik məlumatlara və müxtəlif mənbələrə əsasən, Orta Şərq və Afrika ölkələrində yaşayıb fəaliyyət göstərən ermənilərin təxmini sayı belədir:  

Livan ------- 130.000

Suriya ------ 100.000

İraq --------- 3.000

İran --------- 150.000

İordaniya --- 3.000

İsrail -------- 3.000

Misir ------- 10.000

Kipr ---------2.000

Sudan --------1.000

Livan erməniləri

Livan Orta Şərq bölgəsində çox sayda erməninin yaşadığı və fəaliyyət göstərdiyi bir ölkədir. Ermənilər ölkədəki əhalinin təxminən 6%-ni təşkil edirlər. Ermənilərin bu ölkədə əsas etibarı ilə iqtisadiyyat, ticarət və biznes sahəsində geniş imkan və imtiyazları var. Məhz buna görə də ermənilər Livanda varlı təbəqənin nümayəndələri kimi güclü və təsirli nüfuza malikdirlər.

Livanda erməni əsilli vətəndaşların siyasi fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət əsas etibarı ilə daşnak, hıncak və ramqavar kimi Livanda mövcud olan üç partiya tərəfindən həyata keçirilir.

Livanda bu partiyalar arasında ən güclü olanı «Livan daşnak partiyası»dır. Vaxtı ilə Qərb dövlətləri və Sovet İttifaqı tərkibində olan Ermənistan Sovet Sosialist Respublikası əleyhinə yaradılmış bu partiya Livanda yaşayan ermənilərin böyük bir hissəsini öz sıralarında mütəşəkkil şəkildə birləşdirərək, digər Orta Şərq ölkələrində yaşayan ermənilərə təsir göstərməyə, buna paralel olaraq da bölgədəki bütün erməniləri türklərə qarşı aparılan təbliğat və təxribat fəaliyyətlərinə təşviq etməkdədir.

«Livan daşnak partiyası»nın Livan Milli Məclisində deputatları mövcuddur və hətta hökumət içərisində nazirləri, müxtəlif dövlət orqan, qurum və təşkilatlarında isə yüksək vəzifəli nümayəndələri vardır. Bundan əlavə, ermənilər Livandakı ali təhsil, o cümlədən elmi və strateji araşdırmalar mərkəzlərində böyük nüfuz və imkanlara malikdirlər.

Livanda rəsmi surətdə fəaliyyət göstərən hər üç erməni partiyası məqsəd etibarı ilə həmrəy olmalarına baxmayaraq, onların arasında əməli iş və siyasi metodlar baxımından bir sıra ziddiyyətlər mövcuddur.

HINCAQLAR erməni milli hərəkat və mübarizəsinə mütəşəkkil surətdə davam etməklə bərabər, Türkiyə və türklərə qarşı mübarizə aparmaq, bu məqsədlə də müstəqilliyini əldə etmiş Ermənistanın mövcud imkanlarından geniş şəkildə istifadə etməyi məqsədəuyğun olaraq dəyərləndirməkdədir.

RAMQAVARLAR Türkiyə başda olmaqla, bölgədə yerləşən digər ölkələrdən torpaq almaq və tələb etmək əvəzinə, ermənilərin əsl yurdunun Ermənistan olduğunu qəbul etmək və tanımaq, bununla yanaşı, beynəlmiləl erməni milliyyətçiliyi şüurunu daha da inkişaf etdirərək, dünya miqyasında fəaliyyət göstərən bütün erməni təşkilatları ilə yaxın və sıx əlaqələr yaratmağı məqsədəuyğun sayırlar.

DAŞNAKLAR isə erməni milli varlığının qorunması və «Böyük Ermənistan» xəyalının həyata keçirilməsi üçün bütün türklərə qarşı düşmənçilik və qondarma «erməni soyqırımı» ideyalarının geniş xalq kütlələri arasında yayılmasını məqsədəuyğun hesab edirlər. Bu məqsədlə də geniş miqyaslı təbliğatın və müxtəlif təşkilatların bu istiqamətdə apardıqları fəaliyyətin daha da artırılmasının vacibliyini qeyd edirlər. Daşnakların bu mövqeyi Livan başda olmaqla dünyanın bir çox xarici ölkələrində türklərə qarşı aparılan psixoloji müharibədə ermənilərin antitürk ideyalarının əsas təməlini təşkil edir.

Livanda daşnaklar başda olmaqla, bütün erməni qruplar təbliğat məqsədi ilə kütləvi-informasiya vasitələri və xüsusilə də yazılı mətbuatdan geniş istifadə edirlər. Belə ki, Livanda dərc olunan “Aztaq” qəzeti daşnak qrupunun, “Zartunq” qəzeti ramqavarların, “Ararat” qəzeti isə hıncaqların əsas mətbuat orqanı və təbliğat vasitələridir.

Livan ermənilər üçün dini baxımdan da böyük əhəmiyyət kəsb edən bir ölkədir. Çünki ermənilər üçün ikinci bir dini mərkəz sayılan Antilyas kilsəsi məhz burada yerləşir və fəaliyyət göstərir. Hələ Sovet İttifaqı dövründə Eçmiədzin kilsəsi Ermənistanın bütün ermənilərin vətəni və yurdu, Eçmiədzinin isə ən böyük ruhani mərkəz olduğunu, məhz buna görə də dünyadakı bütün erməni kilsələrinin Eçmiədzinə bağlanmasının vacibliyini bəyan edirdi.

Ancaq Livanda yerləşən Antilyas kilsəsi 1933-cü ildə Eçmiədzinin ruhani üstünlüyünü tanımadığını açıqlayıb və bu mövqeyini 1957-ci ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən «Erməni kilsələri toplantısı»nda bir daha bəyan edib. Bundan sonra isə Eçmiədzinə bağlılığı qəbul etməyən bir sıra erməni kilsələri nəticə etibarı ilə Antilyas kilsəsinə tabeliyi qəbul edib.

Eçmiədzin kilsəsinin patriarxı Vazgenin ruhani rəhbərliyi zamanında hər iki kilsə arasında mövcud olan ziddiyyət daha da dərinləşmiş və nəticədə Eçmiədzin kilsəsinin dini mərkəz kimi ruhani üstünlüyü tamamilə rədd edilərək, Livandakı Antilyas kilsəsi bütün ermənilərin ayrı bir dini mərkəzi kimi qəbul edilmişdi.

Əsas etibarı ilə daşnakların nəzarəti və himayəsi altında olan Antilyas kilsəsinin Livandakı fəaliyyəti tamamilə siyasi mahiyyət daşıyır və bu gün kilsə demək olar ki, türklərə qarşı düşmənçilik ideyalarının bir növ fəal təbliğatçısına çevrilib. Beləliklə də, Livanda yaşayan ermənilərin türklərə qarşı cinayətkar və terrorçu əməllərinə siyasi və iqtisadi çevrələrlə birlikdə dini bir mərkəzin havadarlıq etdiyini də ifadə etmək lazımdır.

Livan erməniləri 1965-ci ildən başlayan və müasir dövrümüzdə də müntəzəm şəkildə davam edən aktiv antitürk fəaliyyətlər və tədbirlər çərçivəsində hər ilin 24 aprel tarixini qondarma «erməni soyqırımı» günü olaraq qeyd edir.

İlk dəfə Beyrutda başlayan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bütün erməni təşkilatları tərəfindən keçirilən 24 aprel qondarma «erməni soyqırımı» gününə həsr olunmuş tədbirlərdə türklər əleyhinə ideyalar təbliğ edilməkdədir.

Qondarma «erməni soyqırımı»na dair Livanda müxtəlif konfrans, seminar, toplantılar keçirilir, mövzu ilə bağlı xüsusi kitab və qəzetlər dərc olunur, abidələr tikilir.

24 aprel 1972-ci ildə Beyrutun Bikfaya rayonunda açılmış qondarma «erməni soyqırımı» abidəsinin üzərinə yerləşdirilən lövhədə belə yazılıb: «Bu abidə erməni soyqırımının 50-ci ildönümü münasibətilə Livandakı bütün ermənilərin yardımı ilə erməni millətinin şərəfinə və Livana minnətdarlıq nümunəsi olaraq tikilmişdir».

Livanda yaşayan ermənilər və erməni təşkilatları ABŞ və Fransadakı digər erməni qrup və qurumları ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edirlər.
Belə ki, Livanda yaşayan ermənilər ABŞ və Fransadakı soydaşları ilə qondarma «erməni soyqırımı»na dair xüsusi tədbirlər və mərasimlərin müştərək şəkildə keçirilməsi, erməni tarixinə aid ortaq araşdırmaların aparılması, türklər əleyhinə təbliğat xarakterli birgə fəaliyyət üçün plan və proqramların tərtib olunması, Livandakə ali təhsil və elmi-tarixi araşdırma mərkəzlərində xüsusilə ABŞ vətəndaşları olan erməni mütəxəsisslərin və pedaqoqların vəzifə alması sahəsində bu günə qədər  həyata keçirdikləri çalışmalarında müsbət nəticələr əldə ediblər.

Bundan əlavə, Livanda yerləşən müxtəlif erməni qruplar, dini qurumlar və xeyriyyə cəmiyyətləri vasitəsi ilə xalqdan maddi vəsait toplayırlar. Yardım və xeyriyyə adı altında xalqdan maddi vəsaitin toplanması, o cümlədən xalq arasında bu mövzuda geniş təbliğatın aparılması prosesində Antilyas kilsəsi mühüm rol oynayır.

İran erməniləri

İranda mühüm tiсarət mərkəzlərinin yerləşdiyi bölgələrdə yaşayan ermənilər 1965-ci ilə qədər kommunist qurum təşkilatlarla yaxın işbirliyi içərisində olan hıncaq qrupların rəhbərliyi altında antitürk təbliğat aparıb və tədbirlər həyata keçiriblər.

Ancaq 1965-сi ildə İran hökumətinin kommunizmə və kommunist təşkilatlara qarşı apardığı siyasət və həyata keçirdiyi konkret tədbirlər nəticəsində ermənilər daşnak qrupların təsiri altına giriblər.

İran ermənilərinin əsas mətbuat orqanı ölkədə nəşr olunan “Alik” qəzetidir.

Daşnak qrupların yardım və himayəsi ilə İrandakı ermənilərə məxsus müxtəlif dini və siyasi qurumlar tərəfindən erməni tarixi ilə bağlı araşdırmalar aparılıb və süni “erməni soyqırımı”na dair məzmunlu məlumatlar hazırlanıb. Həmin məlumatlar iranlı tarixçilər və elm xadimləri vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, bu xüsusda daşnak qrupların göstərdiyi səylər diqqət çəkən amillərdəndir. İran hökumətinin erməni əsilli vətəndaşlarının bu fəaliyyətin icazə verməsi, hətta bir çox erməni tədbirlərində belə İran hökuməti adına rəsmi nümayəndələrin fəal iştirakı məsələsi isə diqqəti cəlb edən digər maraqlı cəhətdir.

1965-сi ldən etibarən, İranda qondarma «erməni soyqırımı»nın xatirəsinə həsr olunmuş mərasimlər keçirilir. Bu mərasimlərdə də İran hökumətini təmsil edən rəsmi nümayəndələr iştirak edir.

İranda fəaliyyət göstərən erməni qruplar Livan, Fransa, ABŞ və Latın Amerikası ölkələrində yerləşən daşnak və hıncaq qrupları ilə müntəzəm surətdə sıx əlaqə saxlayırlar.

İran erməniləri maddi cəhətdən ABŞ-da yerləşən erməni qurum və təşkilatları tərəfindən təmin edilir.

Misir erməniləri

Misirdə yaşayan ermənilər say baxımından bu ölkədəki yunanlardan sonra ikinci sırada yer alan etnik qrupdur. Misirdə ermənilərin mədəniyyət mərkəzləri, yardım və xeyriyyə cəmiyyətləri, erməni dili məktəbləri mövcuddur. Ölkədə daşnak qrupların əsas mətbuat orqanı sayılan “Hoysaper” və “Arev qəzetləri, “Seternak” adlı jurnalları dərc olunur.

1965-ci ildən etibarən Misirdə yaşayan ermənilərin böyük bir hissəsi Kanadaya köçüb.

Misir ermənilərinin ölkədə hər hansı bir siyasi mahiyyətli fəaliyyət və hərəkətləri mövcud deyildir.

Ancaq bununla yanaşı, ölkədə daşnak qrupların həm xeyriyyə dərnək və cəmiyyətləri, həm də müxtəlif elmi qurumlar vasitəsi ilə erməni əsilli vətəndaşlar arasında nüfuzunu genişləndirmək, müxtəlif təbliğat metodları ilə bu vətəndaşları antitürk fəaliyyətlərə təşviq etmək kimi səy və təşəbbüslərinin olduğu məlumdur.

Suriya erməniləri

Statistik məlumatlara görə, son illər ərzində Suriyada yaşayan erməni əsilli vətəndaşların sayı azalmağa başlayıb. Bunun da əsl səbəbi Suriyada mövcud olan sistemə görə etnik qrupların ölkənin digər vətəndaşları ilə müqayisədə fərqli haqq, hüquq və imtiyazlara malik olmamasıdır. Məhz buna görə də  Suriya erməniləri Ermənistan, Livan və digər region ölkələrinə köçməyə davam edirlər.

Suriyada ermənilərin hər hansı bir siyasi hərəkət və fəaliyyəti mövcud deyildir. 1933-1945-ci illər arasında Suriyada ermənilər tərəfindən keçirilən antitürk təbliğat və tədbirlər hazırda demək olar ki, dayanıb. Beyrutda yayınlanan erməni qəzet və jurnalları Suriyaya sərbəst şəkildə göndərilir və satılır.

Qonrarma “erməni soyqırımına” dair mərasimlər və xatirə tədbirləri tamamilə dini mahiyyətli olaraq keçirilir və hər hansı bir siyasi məqsəd daşımır.

İraq erməniləri

İraq erməniləri, daşnak qrupların təsiri altında olaraq yerli kürdlərlə yaxın əlaqə və işbirliyi içərisindədirlər. Ancaq ABŞ-ın İraqa müdaxiləsi və Səddam rejiminin devrilməsi nəticəsində buradakı ermənilərin bir hissəsinin regionda yerləşən digər ölkələrə, bir hissəsinin isə hətta Ermənistana köçməsi barədə məlumatlar mövcuddur.

Bununla yanaşı, İraqda hələ də bir qrup erməni əsilli vətəndaşın yaşadığı və hıncaq qrupların himayəsi və dəstəyi ilə kürd və peşmərgələrin (silahlı kürd qrupları) nəzarətində olan Şimali İraqda fəaliyyət göstərən “Kürdüstan yurdsevərlər birliyi partiyası” və “Kürdüstan demokratik partiyası” kimi kürd qrupları ilə yaxın təmasda olduqları məlumdur.

İraq rejiminin devrilməsi nəticəsində erməni-kürd əlaqələri məqsədyönlü olaraq daha da güclənn. Bu, açıq bir şəkildə olmasa da, Türkiyə və türklər əleyhinə xarakter daşıyır.

Kipr erməniləri

Kiprdə yaşayan ermənilərin fəaliyyəti demək olar ki, bütün sahələrdə mütəşəkkil surətdə müxtəlif qurum və təşkilatların nəzdində aparılır. «Erməni gənclər birliyi», «Erməni mədəniyyət dərnəyi» və «Erməni Xeyriyyə Cəmiyyəti» Kiprdə yerləşən əsas erməni təşkilatlarıdır.

Ermənilərin burada erməni dilində təhsil verən liseyləri mövcuddur. Kipr ermənilərinin Livan erməniləri ilə yaxın və sıx əlaqələri vardır. Bu əlaqələr Kipr rəhbəri Makariosla Livan Antilyas erməni kilsəsinin patriarxı Xorenin dostluğu sayəsində yaranıb və inkişaf edib. Kiprdə erməni radiosu fəaliyyət göstərir və erməni dilində verilişlər yayımlayır.

«Erməni gənclər birliyi» təşkilatı daşnakların təsir və nəzarəti altındadır. Kiprdə yerləşən Melkoyan institutu isə hıncaq qrupunun təsiri altında fəaliyyət göstərən bir araşdırma mərkəzidir.

İsrail erməniləri

İsraildə çox az sayda erməni yaşayır. Bu ölkədə erməni fəaliyyəti bir o qədər də geniş və təsirli deyildir. Ancaq İsrailin Qüdsü işğal etməsi, yəhudi-erməni əlaqələrinin inkişafına bir növ təkan verib. Məlum olduğu kimi, İsrailin işğalı altındakı Qüds kilsəsi Eçmiədzin, Antilyas və İstanbul erməni kilsələrindən sonra dünyada dördüncü böyük erməni kilsəsidir.

Məhz buna görə də İsrail, ermənilərlə olan əlaqələrinə əsas etibarı ilə dini və tarixi baxımdan əhəmiyyət verir və bu mövqedən hərəkət edir. İsrail qondarma «erməni soyqırımı» iddiaları başda olmaqla erməni məsələsinə siyasi baxımdan bitərəf münasibət bəsləməklə yanaşı, digər tərəfdən ermənilərin bütün hərəkət və fəaliyyətlərinə mane olmur.

Bu məsələdə də İsraildə geniş yayılan sionizm ideyaları və bu ideyaları təbliğ edən müxtəlif sionist çevrələrin rolu böyükdür. Bu faktoru sionistlərlə erməni milliyətçilərinin sıx əlaqələrinin mövcud olmasının bariz təzahürü kimi qiymətləndirmək olar. Əslində isə yəhudilər ermənilərdən öz məqsəd və amalları naminə vasitə kimi istifadə etməyə çalışırlar.

Belə ki, yəhudilər:

- qondarma “soyqırımı” iddialarını ortaya atan ermənilər vasitəsilə İkinci Dünya Müharibəsində 6 milyon yəhudinin qətl edildiyi soyqırımı faciəsinin dünya miqyasında daim gündəlikdə tutularaq, hazırkı İsrail dövlətinin və yəhudi millətinin əzabkeş və məzlum olmasının, habelə bölgədəki siyasətinin «işğalçılıq» deyil, əksinə, terrora qarşı mübarizə olduğunun təbliğinə səy göstərirlər;

- Orta Şərq regionunda bir gün erməni problemi meydana gələcəyi təqdirdə, indidən ermənilər kimi «əzabkeş və məzlum» xalq siması ilə həlledici rol oynamağa təşəbbüs göstərirlər;

- Türkiyə başda olmaqla, ermənilərlə aralarında problemləri mövcud olan digər ölkələrin Orta Şərq bölgəsində yerləşən ərəb dövlətləri ilə yaxınlaşmasına mane olmaq üçün bir növ təzyiq vasitəsi olaraq ermənilərin uydurma iddilarının təbliğinə icazə verirlər.

Ardı var.


Müəllif: Sevinc ƏLƏKBƏROVA,
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Hərbi elmi tədqiqat institutunun əməkdaşı


Ələkbərova Sevinc Nəhmət qızı 1975-ci ildə Bakı şəhərində anadan olub.

1996-2001-ci illərdə Bakı Ali Diplomatiya Universitetində hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb.

2005-2006-cı illərdə Ankara Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsilinə yiyələnib.

2007-2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq kafedrasında beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və fərqlənmə diplomu ilə məzun olub.

2009-2010-cu illərdə “Azərpol” Beynəlxalq hüquq jurnalında məsləhətçi işləyib.

2010-2021-ci illlərdə Müdafiə Nazirliyində Hərbi elmi tədqiqatlar idarəsində dövlət qulluğunun kiçik müşaviri vəzifəsində çalışıb.

2022-ci ildən etibarən Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti Hərbi elmi tədqiqatlar institunda dosent vəzifəsində işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı