Modern.az

Diaspor Komitəsinin daha bir uğurlu addımı - Məşhur tarixçi yazır... (FOTO)

Diaspor Komitəsinin daha bir uğurlu addımı - Məşhur tarixçi yazır... (FOTO)

Diaspor

10 İyun 2024, 12:36

May ayının son 10 günlüyü bir-birilə ən sıx surətdə bağlı olan bu tədbirlərin bir-birindən ən kəskin surətdə fərqlənən iki xarici ölkədə –  İsveçdə və Belorusda qeyd edilməsi ilə yadda qaldı. 

 

Modern.az xəbər verir ki, bunu tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib.

 

"Əslində 19-20 may tarixlərində İsveçin Stokholm şəhərində əsasən Azərbaycan icmasının ayrı-ayrı qurumları tərəfindən qeyd edilən “Rəsulzadə-140”  tədbirləri haqqında elə həmin günlər təşkilatçıların və həmkarlarımın verdiyi məlumatlardan xəbərdarsınız. Azərbaycan mediasının ən tanınmış simalarından olan və İsveçdəki tədbiri də dərhal və müxtəlif rakurslarda işıqlandırmağa başlamaqla öz peşəkarlığını dönə-dönə sübut edən prof. Qulu Məhərrəmlini yalnız vaxtilə onunla birlikdə AzTV-nin “Səhər” proqramında işləmiş, hazırda İsveçdə yaşayan və media sahəsində çalışan Rahim Sadıqbəyli üstələyə bilərdi. Belə ki, Rahim bəy mayın 20- də keçirilən “M.Ə.Rəsulzadənin irsi  Azərbaycanın mədəni və ictimai fikir tarixində”  mövzusunda elmi konfransı canlı şəkildə efirə verirdi və bir sıra Avropa ölkələrində, eləcə də ABŞ və Türkiyədə tamaşaçılar onun gedişini birbaşa izləyirdilər.

 

Bu elmi konfransın təşkilatçısı, İsveçin iki universitetində riyaziyyat və filologiya üzrə tanınmış alim,  İsveçdə Azərbaycan akademik “Qobustan” Assosiasiyasının rəhbəri,  Azərbaycan diasporunun bu ölkədə ən nüfuzlu və fəal nümayəndələrindən sayılan, nəhayət “Rəsulzadə-ev muzeyi” İctimai Qrupumuzun Təşkilat Komitəsinin üzvü Səadət xanım Kərimi sonrakı günlər dünyanın müxtəlif ölkələrindən bu tədbirlə bağlı aldığı, eşitdiyi, oxuduğu təşəkkürləri yığıb-yığışdıra bilmirdi. Düzü bu ilin yanvar ayının sonlarında Bakıda keçirilən “II Beynəlxalq Rəsulzadə Qiraətləri”  beynəlxalq  elmi konfransının iştirakçısı (öz hesabına 3 günlük Bakıya gəlmiş və dərslərində fasilə yaratmamaq üçün yanvarın 31-də gecə ölkəsinə qayıtmış) Səadət xanımla  İsveçdə “Rəsulzadə-140” tədbirini keçirmək barədə ayaqüstü etdiyimiz müzakirənin 3 aydan sonra bu səviyyədə reallaşacağına inanmaq çətin olsa da, fakt göz qabağında idi.

 

Əziz Səadət xanım, sizin Azərbaycan-Rəsulzadə sevdalısı bir Vətənpərvər, sözün ən ali  mənasında bir Ziyalı olduğunuzu biz onsuz da bilirdik, xarici ölkədə, bir çox obyektiv çətinlikləri olan bir şəraitdə belə bir konfransın keçirilməsi ilə siz həm də yüksək təşkilatçılıq məharəti nümayiş etdirdiniz. Var olun! Oxucular üçün aydın olsun deyə, burada bir məsələyə aydınlıq gətirmək vacibdir:  Sözü gedən konfransa sadəcə Stokholm şəhərində yaşayan azərbaycanlılar deyil, ümumən İsveçin ən müxtəlif vilayət və şəhərlərində yaşayan və  çalışan o tay-bu tay azərbaycanlı və türk intellektualları, Cənubi Azərbaycandan olan və müxtəlif yönümlü təşkilatların üzvləri -  məşhur yaşlı siyasi mühacirlərdən tutmuş Azərbaycan məsələsi ilə məşğul olan yeni nəsil ictimai-siyasi fəalları yığışmışdı. (Bu adamların çoxu öz hesabına qatarla, yaxud maşınla Stokholmdan 200-300 km. uzaq şəhərlərdən Rəsulzadə məclisinə toplaşmışdılar, ünsiyyət üçün daha çox vaxt olsun deyə tədbirin keçirildiyi, yaxud bizim qaldığımız oteldə bir gecəlik otaq tutmuşdular və biz də məmnuniyyətlə onlarla ən geniş mövzularda fikir mübadiləsi apardıq).   Belə bir cameəni (100-dən artıq adamı) bir araya yığmaq üçün, Səadət xanımın öz izahı -  Məhəmməd Əmin Rəsulzadənin adı (!) və  Bakıdan gəlmiş alimlər –  ilə yanaşı, birmənalı olaraq Səadət xanımın özünün bütün bu qruplar arasında sözsüz nüfuzu və hörməti qeyd olunmalıdır.

 

Konfransın gedişi, rəsmi qonaqların çıxışları,  öz məruzələrimizin oyatdığı diqqət və maraq, verilən sual-cavablar, konfransdan sonrakı ünsiyyət haqda heç nə yazmıram. Bu ayrıca və çox geniş mövzudur.

 

Şəxsən mənim üçün bu konfrans ən müxtəlif nəzər sahiblərinin  – Rəsulzadə haqda mümkündür ki, yalnız ümumi məlumatı olan, lakin eşitdiklərindən deyilməyən dərəcədə riqqətə gələn, kövrələn dinləyicilərdən tutmuş onun siyasi  mücadilə yolunu yaxşı bilən, öyrənən, təhlil edən və bu günkü “Azərbaycan davasında”  (Cənub nəzərdə tutulur) bir nümunə kimi görən insanların –  Məhəmməd Əmin bəyin Böyük şəxsiyyətinə verdiyi dəyər baxımından xüsusilə əhəmiyyətli idi. Bu münasibət – o taylı-bu taylı azərbaycanlıların Rəsulzadəni tarixi şəxsiyyətdən daha artıq, bu gün də Azərbaycan adı ilə bağlı bütün  məqamlarda və mənalarda canlı və örnək olaraq qəbul etməsi – qarşısında keçirilən hissləri inanın ki, təsvir etmək çox çətindir. Bu hissləri bizlər hamımız - Bakıdan gedən digər konfrans iştirakçıları -  prof. Qulu Məhərrəmli və Rəsulzadənin bacısı nəvəsi Nazim Rəhimov ilə yanaşı, konfransda iştirak edən Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları və Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Diaspor Komitəsinin nümayəndələri də eyni dərəcədə bölüşürdülər.

 

 Burada həmin tədbirin keçirilməsinə maliyyə yardımı göstərmiş Diaspor Komitəsinə və onun sədri  Fuad Muradova ayrıca və xüsusi təşəkkürlər düşür. Xarici ölkələrdə, o cümlədən İsveçdə yaşayan və ən müxtəlif təbəqələri, maraq dairələri, ictimai baxışlarına görə fərqlənən azərbaycanlıları bir yerə toplamaq və “Azərbaycan” adı altında birləşdirmək çox çətindir", - o qeyd edib.

 

Tarixçi alim bildirib ki, bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin daha bir uğurlu addımı da qeyd edilməlidir:

 

"Belə ki, mayın 20-də Səadət xanımın təşkilatçılığı ilə keçiriləcək tədbirin elmi xarakteri və xüsusi auditoriyası olacağını nəzərə alan Diaspor Komitəsi İsveçdə fəaliyyət göstərən daha bir ictimai quruma – Sevda xanım Dadaşovanın rəhbərlik etdiyi və əsasən azərbaycanlı ailələr və uşaqlar arasında mədəni-maarif xarakterli fəaliyyətlə məşğul olan (ana dili  və Azərbaycan ədəbiyyatı qiraət kursları, “Qarabağ” rəqs ansamblı, İsveçdə Azərbaycan mədəniyyətini tanıtma və s.) “Saf” adlı quruma da “Rəsulzadə -140” adlı  ədəbi-bədii və musiqili toplantı üçün maddi dəstək vermişdi.

 

Nəticədə  mayın 19-da Stokholmda yaşayan azərbaycanlı ailələr öz övladları ilə birlikdə Rəsulzadə işığına yığışmışdılar. Biz –  Bakıdan gələn qonaqlar da həmin məclisdə iştirak etdik,  öz ürək sözlərimizi bölüşdük, soydaşlarımızın başqa bir qrupu ilə tanış olduq. Bu məclis də özlüyündə  Rəsulzadənin, Azərbaycan Cümhuriyyətinin vətəndən çox-çox uzaqlarda şimallı-cənublu azərbaycanlıların bir məclisdə yığışmaq, bir süfrə arxasında oturmaq, eyni musiqi sədaları altında qol götürüb oynamaq üçün nə qədər doğma zəmin olduğunu bir daha təsdiq etdi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti