Şimali Koreya bu gündən bütün nüvə və qitələr arası ballistik raket sınaqlarını dayandırır. Bu barədə qərar KXDR-in İşçi Partiyasının mərkəzi komitəsində qəbul olunub.
Modern.az xəbər verir ki, beləliklə, Pxenyan qlobal nüvə tərksilahı üzrə beynəlxalq səylərə qoşulur. Qərara əsasən, Şimali Koreya hökuməti nüvə poliqonunu bağlayacaq, lakin özündə olan nüvə potensialını qorumaq hüququnu özündə saxlayacaq.
Plenumun qərarında qeyd olunur ki, KXDR Koreya yarımadasında, həmçinin bütün planetdə sülh və təhlükəsizliyi qorumaq üçün qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə six əlaqələr və dialoq quracaq.
Yeni strateji kurs Cənubi Koreya ilə aprelin 27-də keçiriləcək sammit, həmçinin bunun ardından KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüş ərəfəsində qəbul olunub.
Beynəlxalq reaksiya
Bir çox dünya lideri Şimali Koreya hökumətinin qərarını alqışlayıb. Buna ən tez Cənubi Koreya münasibət bildirib. Koreya Respublikasının lideri Mun Ce-in Pxenyanın qərarını Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib.
ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin qərarını bütün dünya üçün çox gözəl xəbər və “böyük irəliləyiş” adlandırıb, həmçinin Kim Çen Inla görüşünü səbirsizliklə gözlədiyini bildirib.
Yaponiyanın Baş naziri Sinzo Abe Şimali Koreya hökumətinin nüvə sinaqlarını dayandırması barədə bəyanatını müsbət hal kimi qiymətləndirib. O, əlavə edib ki, bu, nüvə, kütləvi qırğın və ballistik silahların tam nəzarət altında və geri dönüşü olmadan məhv edilməsinə gətirib çıxarmalıdır.
RF Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev xəbəri hələ bir ay əvvəl nüvə münaqişəsi təhlükəsinə qədər yüksələn vəziyyətin gərginliyinin azaldılması üçün şans olduğunu deyib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan ölkəsinin Pxenyanın problemi bütün maraqlı tərəflərlə birgə dialoq və məsləhətləşmələr yolu ilə həllinə çalışmasını dəstəklədiyini bildirib.