Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olmuş Leonid İliç Brejnev və Şərqi Almaniya lideri Erix Honekkerin Berlin divarında öpüşdüyünü göstərən fotonu qraffitiyə çevirərək dünyanı heyrətləndirən məşhur rusiyalı rəssam Dmitri Vrubel dünyasını dəyişib.
Modern.az xəbər verir ki, məlumatı “Art Newspaper Russia”nın baş redaktoru ictimaiyyətə açıqlayıb.
Bir müddət əvvəl koronavirusa yoluxan rəssam 62 yaşında Berlində vəfat edib.
Xatırladaq ki, liderlərin öpüşünü əks etdirən fotoşəkil Şərqi Berlində 7 oktyabr 1979-cu ildə fransız jurnalist Regis Bossu tərəfindən çəkilib. Fotoşəkil Leonid Brejnev və Erix Honekker dodaq-dodağa öpüşərkən lentə alınıb. Həmin vaxt Şərqi Almaniyanın yaranmasının ildönümünü qeyd etmək üçün liderlər bu ölkəyə səfər etmişdilər. Sosialist ölkələrinin dövlət xadimləri arasında salamlaşmanın xüsusi forması olan bu öpüşmə ənənəsi dövlətlər arasında xüsusi bağlılığın mövcudluğunu ifadə edirdi.