Xarici dövlətin və ya ordunun idarəsi altında olan əraziyə nəzarət etmək üçün yaradılmış nizamsız hərbi qüvvələrə partizan dəstələri deyilir. Bu gün dünyada baş verən münaqişələr zamanı partizan dəstələri ifadəsini tez-tez eşidirik.
Dünyada isə deyə bilərik ki, ən güclü partizanlar Ukraynaya məxsusdur. Hətta bu ilin fevralında Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra ölkədə partizan dəstələrinin sayı demək olar ki, xeyli artıb. Ukrayna getdikcə daha çox partizan döyüşçüləri şəbəkəsinə daxil olaraq Rusiyanın nəzarətində olan ərazilərdə rus qüvvələrinə qarşı mübarizə aparır.
Modern.az xəbər verir ki, hazırda Ukraynada fəaliyyət göstərən partizanlar partlayıcılar yerləşdirmək, Ukrayna artilleriyası və raketləri üçün Rusiya hədəflərini müəyyən etmək, dəmiryol xətlərini partlatmaq və ruslarla əməkdaşlıq etdiyinə inandıqları Ukrayna rəsmilərinə sui-qəsd hazırlamaqla məşğuldurlar.
Bununla bərabər Ukraynada partizan dəstələri haqqında ilin əvvəlində qanun qəbul olunub. Müharibə başlamamışdan öncə partizan dəstələri üçün milli ordu ilə birgə təlimlər həyata keçirilib. Onların silahlanması dövlət tərəfindən təmin olunur. Ukrayna partizan dəstələri təkcə Ukraynada deyil, bu gün dünyanın müxtəlif ölkələrində, hətta Rusiyada da fəaliyyət göstərir.
Ukraynada partizan dəstələri nə vaxt yaradılıb?
İkinci Dünya Müharibəsi zamanı SSRİ ərazisində partizan dəstələri yaradılmağa başlanılıb. Faşist işğalının ilk günlərində Ukrayna SSR ərazisində partizan hərəkatı yaradılıb. Müharibənin ilk ayında Ukraynada artıq 583 partizan dəstəsi, 1700 təxribatçı-qırıcı qrup var idi. 1941-ci ilin axırlarında respublikada 13 vilayət, 111-dən artıq mahal, şəhər, rayon komitəsi və başqa gizli partiya orqanları düşmən tərəfindən işğal olunmuş ərazilərdə partizan hərəkatına başçılıq edirdilər. O zaman təxminən 28.000 nəfərdən ibarət döyüş qoşunu, iki milyon nəfər isə partizan ordusuna dəstək göstərmişdi.
İkinci Dünya Müharibəsi illərində düşmən arxasında fəaliyyət göstərən partizanlar faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullardan biri də alman əsgərinin formasını geyinib, leqal şəkildə faşistlər arasında kəşfiyyat-təxribat işləri aparmaqdan ibarət idi. Dünya müharibəsindən sonra Ukraynada partizan dəstələri SSRİ-ə qarşı mübarizə aparmağa başladılar.
Əsası dünya müharibəsində qoyulan partizan dəstələr bu gün Ukraynada davam edəm müharibədə də fəal iştirak edir.
Ukrayna ordusu hələ Rusiyanın işğalından əvvəl partizanların hazırlıqlarına başlayıb. Bu hazırlıqlar son həftələrdə öz bəhrəsini verməkdədir. Ukrayna partizan dəstələri müharibə zamanı Rusiya qüvvələrinin qorxulu yuxusuna çevrilib.
Məlumat üçün bildirək ki, rəy sorğularının nəticələrinə əsasən, Ukrayna əhalisinin 24 faizdən çoxu müharibə dövründə əlində silahla ölkəni müdafiə etməyə hazır olduğunu, 29 faizi isə könüllü dəstək verəcəyini bəyan edib. Ukrayna partizan dəstələri müharibə başlayandan bəri Rusiyanın minlərlə hərbçisini, rusiyapərəst bloger və siyasətçiləri sıradan çıxarıb.