İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib.
İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb.
İbrahim Rəisi çıxışının sonunda belə deyib:
“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt ABŞ üçün sağmal inək olmayacağıq!”.
Qeyd edək ki, hər il noyabrın 4-də İran İslam Respublikasında “Dünya imperializmi ilə mübarizə günü” kimi qeyd olunur. Tehran və digər böyük şəhərlərdə dövlət orqanlarının təşkilatçılığı ilə kütləvi yürüşlər keçirilir. Tehranda keçirilən yürüşdə Prezident İbrahim Rəisi, parlamentin sədri və başqa yüksək vəzifəlilər iştirak ediblər. Aksiya iştirakçıları Amerika və İsrail əleyhinə şüarlar səsləndiriblər.
1979-cu il noybrın 4-də Tehranın ali təhsil müəssisələrinin tələbələri ABŞ-ın bu ölkədəki səfirliyinə yürüş edərək diplomatik nümayəndəliyin binasını tutmuşdular. Həmin dövrdə inqilabın rəhbəri Ruhullah Xomeyni ABŞ-ın Tehrandakı səfirliyini “şər yuvası” adlandırmışdı ki, bu da tələbələrə səfirliyi zəbt edib diplomatları qovmaq üçün əsas olmuşdu.