Modern.az

ABŞ üzərində Çinin kəşfiyyat balonu - Gərginliyin yeni mərhələsi 

ABŞ üzərində Çinin kəşfiyyat balonu - Gərginliyin yeni mərhələsi 

4 Fevral 2023, 22:23

Bir neçə gündür ki, dünya mətbuatının manşetlərində Çinə məxsus hava şarının (dirijabl) ABŞ-da hərbi obyektlər üzərində uçuş həyata keçirməsi barədə xəbərlər dərc edilir.

 

ABŞ hava şarının kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulduğunu bildirir. Çin isə şarın elmi və meteoroloji məqsədlər üçün istifadə edildiyini və səhvən ABŞ hava məkanına daxil olduğunu açıqlayıb. Pentaqon hələlik şarı yerə düşürməyib və ya havada zərərsizləşdirməyib. Bunun mülki şəxslər üçün təhlükəli ola biləcəyi qeyd edilir.

 

Məlumat üçün bildirək ki, yüksək hündürlükdən uçan hava şarları ötən əsrin ortalarından istifadə edilir. İkinci Dünya müharibəsi zamanı Yaponiya bu şarlara yandırıcı bombalar quraşdıraraq ABŞ hərbçilərinin üzərinə göndərirdi. 50-ci illərdə Amerika şarlardan Varşava blokuna daxil olan ölkələrin strateji obyektlərinin fotolarını çəkmək üçün istifadə etməyə başlayıb.

 

Hava şarlarının bir sıra üstünlükləri var. Birincisi, onlar 24-37 kilometr yüksəklikdə uça bilirlər, bu da daha geniş ərazini müşahidə etməyə imkan verir. Müqayisə üçün deyək ki, adi sərnişin təyyarələri adətən 12 kilometrdən yuxarı qalxmırlar, döyüş təyyarələrinin isə maksimum 19 kilometrdən yuxarı uçması tövsiyə olunmur.

 

İkincisi, hava şarları digər kəşfiyyat məqsədilə istifadə edilən vasitələrdən qat-qat ucuzdur. Amma onları idarə etmək bir qədər çətindir. Adətən hava cərəyanlarının istiqaməti təxmin edilərək havaya buraxılır.

 

Məlum insidentə gəlincə, ABŞ dövlət katibi Entoni Blinken Çinə uzun müddətdir gözlənilən səfərini təxirə salıb. Mətbuatda yayılan məlumatlara görə, səfər birdəfəlik ləğv edilməyib, sadəcə səfər zamanı danışıqların gündəmində hava şarı ilə bağlı insidentin olması istənilmir.

 

Ötən il Balidə G-20 liderlərinin görüşü zamanı ABŞ-Çin liderlərinin görüşündə münasibətlərdə gərginliyin azaldılması və Blinkenin səfəri barədə razılıq əldə olunmuşdu. Çinə səfərin məhz tərəflər arasındakı razılıq əsasında həyata keçirilməsi planlaşdırılırdı, lakin son anda şar qalmaqalı səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı.

 

Qeyd edək ki, ekspertlər Blinkenin səfərinə bir neçə gün qalmış bu cür hadisənin baş verməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra həddindən artıq gərginləşən ABŞ-Çin münasibətləri artıq yeni dövrə qədəm qoyur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır