Modern.az

Rusiya Ukraynada 1 ilə verdiyi itkini Əfqanıstanda 10 ilə verməmişdi - NAZİR

Rusiya Ukraynada 1 ilə verdiyi itkini Əfqanıstanda 10 ilə verməmişdi - NAZİR

Dünya

23 Fevral 2023, 16:18

"Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzdə bir ildə Əfqanıstandakı 10 illik müharibədən 10 dəfə çox əsgər itirib. Eyni zamanda, düşmən texnikada da böyük itki verib".

 

Modern.az "RBK Ukraine" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

"Bir il əvvəl çoxları Kiyevin 3 günə çökəcəyini gözləyirdi. Bu gün isə Ukraynanın qələbəsinin nədən ibarət olması və Rusiyanın məğlubiyyətinin necə rəsmiləşdirilməsi müzakirə olunur. Moskvanın strateji məğlubiyyəti artıq hər kəsə aydındır və bu, Ukrayna xalqının dözümlülüyü, Ukrayna ordusunun məharəti və tərəfdaşların köməyi sayəsində baş verib. Bu il ərzində Kreml Əfqanıstandakı 10 illik müharibə ilə müqayisədə 10 dəfə çox əsgər itirib. Və külli miqdarda texnikanı, o cümlədən Qara dəniz donanmasının flaqmanını 100 ildən sonra ilk dəfə itirib. Bütün bunlar Avropa üçün riskləri azaldır, çünki Avropa İttifaqı və NATO-nu təhdid edən Rusiya Federasiyasının hərbi potensialı məhz Ukraynada məhv edilib", - deyə o söyləyib.

 

Müdafiə naziri hesab edir ki, Ukrayna şərqdə Avropa üçün effektiv qalxan ola biləcəyini göstərdi: "Ukraynanın güclənməsinə sərmayə qoymaq avropalılar üçün təhlükəsizlik və müdafiə deməkdir. Mən dəfələrlə təkrar etmişəm ki, biz dünyanın bir vaxtlar ikinci ordusu olmuş ordunun işğalını dayandıra bilmişik. Bu, ABŞ və Polşanın xüsusi rol oynadığı geniş tərəfdaşlar koalisiyasının dəstəyi sayəsində baş verib və Ukrayna xalqı dəstəklərinə görə amerikalılara və polyaklara sonsuz minnətdardır".

 

Nazir onu da qeyd edib ki, ABŞ prezidenti Co Baydenin Kiyevə səfərindən sonra Varşavaya səfəri azad dünyanın hərbi təcavüzə və güc tətbiqinə imkan verməyəcəyinə işarədir.

 

"Təcavüzkarlara, terrorçulara cavab veriləcək və onlar əməllərinə görə cavab verəcəklər. Əminəm ki, bu səfər Ukraynanı qələbə üçün lazım olan silahlarla təmin etmək barədə qərar qəbulu prosesinə təkan verəcək", - Reznikov əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarında yaydığı məlumata görə, Rusiya ordusunun müharibə başlayandan bəri ümumi itkilərinin sayı 145 850 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu