"Bu seçkilər konkret olaraq ikinci tura qalacaq".
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentliyinə ultra-sağçı qüvvələrin "ATA İttifaqı" tərəfindən irəli sürülmüş namizəd Sinan Oğan deyib.
"Heç bir namizədin 50%+1 səs toplaya biləcəyi görünmür. Deyim ki, rəy sorğularına əsasən, digər namizədlər ardıcıl olaraq səs itirir. Stabil templə səsi artan yeganə namizəd mənəm. Düşünürəm ki, bu seçkilər konkret və dəqiq olaraq ikinci tura qalacaq. İkinci turda seçkilərin taleyi həll olunacaq və nəticələr bilinəcək", - deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.