Türkiyədə müxalifətin "Əmək və Azadlıq İttifaqı" 14 mayda keçiriləcək prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini rəsmi şəkildə açıqlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ittifaqın qərarı elan olunub.
Qərar ittifaqın ortaq bəyanatı şəklində ictimaiyyətə açıqlanıb. Qərara əsasən, "Əmək və Azadlıq İttifaqı" "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcək.
“Bu tarixi seçkidə xalqı parlament seçkilərində "Əmək və Azadlıq İttifaqı"na, prezident seçkilərində isə Kemal Kılıçdaroğluya səs verməyə çağırırıq", - deyə ortaq bəyanatda bildirilib.
Qeyd edək ki, "Əmək və Azadlıq İttifaqı"na Xalqların Demokratik Partiyası (HDP), Türkiyə Fəhlə Partiyası (TİP), Əmək Partiyası (EMEP), Əməkçi Hərəkat Partiyası (EHP), İctimai Azadlıq Partiyası (TÖP), Yaşıllar və Sol Gələcək Partiyası (YSP) və Sosialist Məclislər Federasiyası (SMF) daxildir. Bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı.