Xəbər verdiyimiz kimi, bu gün CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.
Modern.az xəbər verir ki, "Metropoll" araşdırma mərkəzi İnceyə səs vermək niyyətində olan seçicilərin hansı namizədlərə yönələ biləcəyi ilə bağlı rəy sorğusunun nəticələrini açıqlayıb.
Belə ki, prezident seçkilərində (ilk tur üzrə) Muharrem İnceyə səs verəcəyini deyən respondentlərin (cəmi 1.2 faiz) 49.3 faizi Kemal Kılıçdaroğluna, 22.3 faizi Rəcəb Tayyib Ərdoğana da səs verə biləcəyini söyləyib.
İnceni dəstəkləyən respondentlərin 5.3 faizi qərarsız olduğunu, 21.2 faizi səs verməyə getməyəcəyini, 1.9 faizi isə bu barədə hər hansı cavabı olmadığını deyib.
Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.