Türkiyədə ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan namizədliyini geri götürəcəyi barədə iddiaları şərh edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçkilər prosesində sona qədər davam edəcəyini və namizədlikdən çəkilməyəcəyini açıqlayıb.
"Hələ təzə başlamışıq. İstəyən varsa, bizim lehimizə çəkilə bilər", - o deyib.
İttifaqa daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ da məsələyə münasibət bildirib: "Sinan Oğanın namizədliyini geri götürəcəyi barədə məlumatlar yalandan ibarətdir".
Bundan əvvəl türkiyəli məşhur jurnalist İsmail Saymaz maraqlı iddia ilə çıxış edib: "Mənbələrdən mənə gələn bilgilərdə Sinan Oğanın da namizədliyini geri götürəcəyi barədə məlumatlar var".
Qeyd edək ki, bu gün digər namizəd - partiyasının qərargahından ictimaiyyətə müraciət edən Muharrem İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.