Modern.az

Kılıçdaroğlu: Özdağla görüşümüz gözəl və məhsuldar oldu - YENİLƏNİB

Kılıçdaroğlu: Özdağla görüşümüz gözəl və məhsuldar oldu - YENİLƏNİB

Dünya

19 May 2023, 16:00

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş başa çatıb.

 

Modern.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər.

 

Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb.

 

Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib.

 

"Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik", - deyə o qeyd edib.

 

***

14:48

 

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasında görüş başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Zəfər Partiyasının qərargahında keçirilir.

 

Bildirilib ki, Özdağ partiyaya gələn Kılıçdaroğlunu qərargahın qapısında qarşılayıb.

 

***

09:28

Bu xəbər ilə bağlı
Kılıçdaroğlu Oğanla GÖRÜŞƏCƏK
Xəbəri oxu

 

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasında görüş keçiriləcək.

 

Modern.az "Diken"ə istinadən xəbər verir ki, görüş Ankara vaxtı ilə 13:30-da baş tutacaq.

 

Məlumata görə, əsas müzakirə mövzusu prezident seçkilərinin ikinci turu olacaq. CHP-dən görüşün keçiriləcəyi təsdiqlənib. Özdağ isə əvvəlcə Kılıçdaroğlu ilə ikilikdə, daha sonra isə "ATA İttifaqı"nın ilk turda prezidentliyə namizədi olmuş Sinan Oğanın iştirakı ilə üçlükdə görüş olacağını açıqlayıb.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

 

Dünən Oğanın Kılıçdaroğlu ilə görüşəcəyi barədə məlumat yayılmışdı. Oğan "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ilə də eyni müzakirə üçün 3 saatlıq görüşüb. Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı deyilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi