Modern.az

Ərdoğan ikinci turda 53 faizdən çox səs toplayacaq – Sinan Oğan

Ərdoğan ikinci turda 53 faizdən çox səs toplayacaq – Sinan Oğan

Dünya

26 May 2023, 17:41

Mayın 28-də keçiriləcək ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gələcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyədə 14 mayda keçirilən prezident seçkilərinin ilk turunda ATA ittifaqının namizədi olmuş Sinan Oğan deyib. 

 

"Mayın 28-də keçiriləcək prezident seçkilərində Ərdoğan qalib gələcək. O, 53 faiz və ya daha artıq səslə seçiləcək", - Oğan proqnozunu açıqlayıb.

 

O, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunun ikinci turda milliyyətçi kəsimin səsini alıb-ala bilməyəcəyi məsələsinə də toxunub.

 

"Kamal Kılıçdaroğlunun milliyyətçi açıqlamaları seçicilərə təsir göstərə bilməz. Çünki dünənə qədər o, Səlahəddin Dəmirtaşa "azadlıq" deyirdi. Dünənə qədər belə deyib, bu gün başqa bir şey deyirsinizsə, milliyyətçi seçicini tanımırsınız. Milliyyətçi seçici iki gündə qərarını dəyişdirəcək kəsim deyil. Milliyətçi, Atatürkçü seçici aydındır. Buna görə də, milliyətçi olduğunuzu göstərməyiniz nəyisə ifadə etmir", - Sinan Oğan CHP liderini tənqid edib.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

 

Sinan Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?