Modern.az

Vaşinqton iki nəhəngdən birini seçdi - ŞƏRH

Vaşinqton iki nəhəngdən birini seçdi - ŞƏRH

Dünya

21 İyul 2023, 11:10

Vaşinqton Avrasiyada siyasi və hərbi maraqlarını təmin etməklə yanaşı bölgədə iqtisadi gücünü də artırmağı hədəfləyib. ABŞ maliyyə naziri Canet Yellennin Çin və Hindistana uzunmüddətli səfəri buna sübutdur. 

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın Avrasiya siyasətini şərh edərkən deyib.

 

O bildirib ki, ABŞ maliyyə naziri Pekində Çin hərbi gəmilərinin Tayvan ətrafında saylarının artması və Amerika gəmilərinə yaxınlaşması mövzularını müzakirə etmək məcburiyyətində qalıb.

 

“ABŞ maliyyə nazirinin Çinə səfəri 4 gün çəkib. Canet Yellen Pekində iki ölkə arasında iqtisadi əməkdaşlıq mövzuları ilə yanaşı iqlim dəyişikliyini və Çinin Amerikanın hava məkanına göndərdiyi casus hava şarları mövzusunu da müzakirə edib. ABŞ maliyyə naziri Pekində Çin hərbi gəmilərinin Tayvan ətrafında saylarının artması və Amerika gəmilərinə yaxınlaşması mövzularını da müzakirə etmək məcburiyyətində qalıb. Canet Yellen Çinə səfərinin yekunlarını qiymətləndirərkən iki ölkə arasında fikir ayrılıqlarının olduğunu etiraf edib.

 

Misal üçün Pekin ABŞ-ın və Kanadanın hava məkanına nədən kəşfiyyat şarlarını göndərdiyini izah edə bilməyib. Çin rəsmiləri sadəcə, amerikalı həmkarlarına bu məsələni “şişirtməməyi” məsləhət görüblər. Ancaq Pekin kəşfiyyat şarlarından sonra Amerika əleyhinə başqa addım da atıb. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin Birləşmiş Ştatların cənub-şərqindən məlumat toplamaq qabiliyyətinə malik elektron dinləmə məntəqəsi quraşdırılması üçün Kuba ilə gizli razılıq əldə etdiyi yazılmışdı. ABŞ prezidenti Co Baydenin Çin lideri Tsi Cinpini diktator adlandırması iki ölkə arasındakı münasibətlərə növbəti zərbəsi idi”, - o söyləyib.

 

 

E.Şahinoğlunun fikrincə, Hindistanın baş naziri Narendra Modinin bir müddət əvvəl Amerikaya səfəri Vaşinqtonda yüksək qiymətləndirilib:

 

“ABŞ maliyyə naziri Çindən sonra Hindistana dörd günlük səfər edib. Bu, Cannet Yellenin il ərzində Hindistana üçüncü səfər idi. Bu say iki ölkə arasında artan əməkdaşlığn miqyasından xəbər verir. Hindistanın baş naziri Narendra Modinin bir müddət əvvəl Amerikaya səfəri Vaşinqtonda yüksək qiymətləndirilib. Modi Ağ Evdə Co Baydenlə görüşdükdən sonra iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirən xeyli sazişə imza atmışdı. Canet Yellen əvvəlcə Hindistanda “Böyük iyirmilərin” maliyyə nazirlərinin toplantısında iştirak edib. Toplantıda ortaq bəyanat qəbul edilməyib. Üzv ölkələrin çoxu bəyanata Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləməyi dəstəkləyərkən, Moskva və Pekin belə bir sənədin qəbulunun qarşısını alıblar. 


Canet Yellen toplantıdakı çıxışında Rusiyanın beynəlxalq aləmlə hesablaşmadığını və buna görə də bu ölkəyə qarşı sanksiyaların sərtləşəcəyini bildirib. Canet Yellen ayrıca, Rusiyanın yeni texnologiyalara və müasir hərbi texnikalara yiyələnməsinin əngəllənməsi vacibliyini də üzv ölkələrin diqqətinə çatdırıb".


"Hindistan Rusiya ilə əməkdaşlıqdan imtina etməyib. Rusiyanın Hindistana neft ixracatı iki dəfə artıb. Buna baxmayaraq, Vaşinqton Dehli ilə əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük verir. Vaşinqton Dehliyə müxtəlif ortaq layihələr və investisiyalar təklif edib. Cannet Yelli hindli həmkarı Nirmalo Sitharamanla bu mövzularda müzakirələr aparıb. İki ölkənin maliyyə naziri ticarət tərəfdaşlığını gücləndirməklə yanaşı qlobal dəyişikliklər məsələlərində də ortaq mövqe ortaya qoyduqlarını bəyan ediblər. Hindistanın “Economic Times” dərgisinin yazdığına görə, iki ölkə aralarındakı bütün ticarət mübahisələrinə son qoyublar və bu haqda Ümumdünya Ticarət Təşkilatını məlumatlandırıblar. Beləliklə, Vaşinqton Pekin və Dehli ilə təmaslarında Hindistana üstünlük verdiyini açıq şəkildə göstərib. Təsadüfi deyil ki, ABŞ maliyyə naziri ilə eyni günlərdə ABŞ energetika naziri Cenifer Qrenholm da Hindistana 5 günlük səfər edib”, - politoloq əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı