Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.
Modern.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub.
Kreml Putin-Şolts telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb.
Belə ki, Putin Şoltsa bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna ilə bağlı danışıqlara açıqdır.
Kreml bildirib ki, Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.
"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - Kreml Putin və Şolts arasında söhbətin yekunlarına dair açıqlamasında bildirib.
Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından danışıb.
Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.
***
18:47
Noyabrın 15-də Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şoltz arasında telefon danışığı olub.
Modern.az bu barədə Almaniya hökumətinə istinadən xəbər verir.
Söhbət zamanı Şolz Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasının zəruriliyindən danışıb. O, Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və danışıqlara başlamağa çağırıb.
Almaniya kansleri əmin edib ki, Almaniya “lazım olduğu müddətcə” Ukraynanı dəstəkləməyə davam edəcək. Almaniya hökumətinin məlumatına görə, Putinlə söhbətdən bir müddət əvvəl Olaf Şoltz Ukrayna prezidenti Volodimir Zelenskiyə telefonla zəng edib və yenidən zəng etməyi planlaşdırır.
Vladimir Putin və Olaf Şoltz arasında bu gün baş tutan telefon danışığı onların 2022-ci ilin dekabrından bəri ilk söhbətidir.
***
17:16
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şoltz cümə günü telefon danışığı aparmağı planlaşdırır.
Modern.az-ın məlumatına görə, bu barədə "Bloomberg" nəşri yazıb.
Bildirilir ki, bu, iki il ərzində liderlər arasında ilk birbaşa təmas olacaq.
Telefon danışığı zamanı Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı ehtimal edilir.