Yanvarın 22-də ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamenti telefon danışığının bir sıra detallarını açıqlayıb.
Qurumdan verilən məlumata görə, tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini vurğulayıblar.
Hakan Fidan və Marko Rubio, həmçinin ABŞ-Türkiyə münasibətləri, Suriya məsələsi, Türkiyənin NATO müttəfiqi kimi rolu və digər məsələlər barədə də danışıblar.
Ankaranın yaydığı məlumatda isə deyilir ki, Türkiyənin XİN başçısı Marko Rubioya yeni vəzifəsində uğurlar diləyib.
Həmsöhbətlər Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq, əməkdaşlıqlarını qarşılıqlı hörmət və etibar əsasında davam etdirmək istiqamətindəki qətiyyətlərini vurğulayıb, regional məsələlərdə koordinasiya şəklində hərəkət etmənin əhəmiyyətinə toxunublar.