Gündəlik həyatımızda tez-tez qarşılaşdığımız pilləkanlar, sadəcə mərtəbələri birləşdirmir, həm də sağlamlığımız üçün real fürsət yaradır.
Pilləkan çıxmaq yaşlılarda yıxılma riskini azaldır, balansı artırır və aşağı bədən əzələlərini gücləndirir. Yalnız bir neçə mərtəbə pilləkan çıxmaq belə yaddaşı, problem həll etmə bacarığını və yaradıcı düşüncəni inkişaf etdirə bilir.
Modern.az xəbər verir ki, Britaniya Kolumbiyası Universitetinin araşdırmasına görə, pilləkan çıxmaq ürək və ağciyər fəaliyyətini yaxşılaşdırır.
İki pilləni birdən çıxan zaman insan daha çox əzələ işlədir, lakin araşdırmalar göstərir ki, bir-bir çıxmaq da kifayət qədər effektivdir.
Yamaquci Universitetinin apardığı araşdırma isə maraqlı nəticə ortaya qoyub: cəmi iki mərtəbə pilləkan çıxanlar lift istifadə edənlərə nisbətən daha çevik qərarlar verib. Hətta pilləkənlə aşağı enmək belə yaradıcılığı artırır, araşdırmada iştirak edənlərin 61%-i daha çox orijinal fikir irəli sürüb.
Pilləkan çıxmaq zamanı bədən daha çox oksigen sərf edir, bu isə ürək döyüntüsünü artıraraq kalori yandırmağa səbəb olur. Əzələlər həm yığılma, həm də boşalma fazasında aktiv işləyir, bu da uzunmüddətli əzələ inkişafına təkan verir.
İsveçdəki Umea Universitetinin araşdırmaları isə sübut edir ki, bu sadə hərəkət beynin “keçid” funksiyasını, yəni bir tapşırıqdan digərinə sürətlə keçmə qabiliyyətini xeyli gücləndirir.
Elə bu səbəbdəndir ki, bir çox tədqiqatçılar pilləkan çıxmağı "ən əlçatan və səmərəli idman növü" kimi qiymətləndirir. Əgər gün ərzində sadəcə 50 pilləkan (təxminən 5 mərtəbə) çıxırsınızsa, bu belə damar tıxanıqlığı və ürək xəstəlikləri riskini azalda bilər.