Modern.az

İranın hansı nüvə obyektləri var? - SİYAHI

İranın hansı nüvə obyektləri var? - SİYAHI

Dünya

13 İyun 2025, 15:50

İsrailin İran ərazisinə qarşı həyata keçirdiyi əməliyyat zamanı hədəfə alınan obyektlər arasında nüvə silahının istehsalı ilə məşğul olan mərkəzlər də olub.

Strateji məqsəd daşıyan bu hədəflər İranın mümkün nüvə silahı hazırlığına dair illərdir davam edən beynəlxalq narahatlığın mərkəzində dayanır.

Əməliyyat çərçivəsində bir neçə nüvə obyektinin vurulduğu və ya hədəf götürüldüyü barədə məlumatlar yayılıb.

İranın ən mühüm nüvə mərkəzlərindən biri ölkənin mərkəzində yerləşən Natanz kompleksidir. Səhrada yerləşən bu genişmiqyaslı müəssisədə minlərlə sentrifuqa vasitəsilə uran zənginləşdirilməsi aparılır. Yeraltı bunkerlərlə qorunan obyekt əvvəllər “Stuxnet” adlı kiberhücumla iflic edilib, son illərdə isə dəfələrlə müxtəlif sabotaj və partlayış xəbərləri ilə gündəmə gəlib.

Digər mühüm obyekt Fordo uran zənginləşdirmə stansiyasıdır. Qum şəhəri yaxınlığında, dağın içində yerləşən bu obyektin əsas özəlliyi onun fövqəladə qorunma şəraitində yerləşməsidir. İran burada 60 faizə qədər zənginləşdirilmiş uran istehsal etdiyini açıq şəkildə etiraf edib ki, bu da nüvə silahı istehsalı üçün kritik həddə çox yaxın hesab olunur.

İranın nüvə proqramında daha bir vacib məkan Arakda yerləşən ağır su reaktorudur. Bu reaktor plutonium istehsal edə biləcək gücdədir və illərlə Qərbin təzyiqləri altında fəaliyyətinə məhdudiyyətlər qoyulub. Buna baxmayaraq, bəzi hesabatlara görə, Tehran son dövrlər bu obyektin fəaliyyətini bərpa etməyə cəhd göstərir.

Mütəxəssislər bildirirlər ki, İsfahan şəhərindəki nüvə yanacağı mərkəzi də əməliyyatlar üçün mümkün hədəflər arasında ola bilər. Burada uran qaz halına gətirilir və zənginləşdirmə üçün hazır vəziyyətə çatdırılır. Həmçinin bu mərkəzdə nüvə yanacağının hazırlanması üzrə geniş texnoloji baza mövcuddur.

Tehranın özündə isə elmi-tədqiqat xarakterli TRR (Tehran Tədqiqat Reaktoru) yerləşir. Bu reaktor daha çox tibbi izotoplar və elmi məqsədlər üçün istifadə edilsə də, onun fəaliyyəti dəfələrlə beynəlxalq agentliklərin diqqətini çəkib.

İsrailin son əməliyyatları fonunda bu obyektlərin gələcəkdə birbaşa hədəf alınması istisna edilmir. Nüvə infrastrukturuna endirilən hər bir zərbə yalnız texniki yox, həm də siyasi və strateji məna daşıyır. Tehran isə bu hücumların cavabsız qalmayacağını bəyan edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur