İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini sığınacaqlara getməyə çağırıb.
Modern.az İsrail ordusunun açıqlamasına istinadən xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır. İsrailin şəhərlərində həyacan siqnalı çalınır.
Nəzərə çatdıraq ki, bu saatlarda İsrail Tehran polisinin mərkəzi ofisini bombalayıb. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. Raketlərdən biri isə İran parlamentinin yanına düşüb və mülki əhali arasında ölənlər var.
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrail bombardmanı dayandırmasa, daha ağır zərbələr alacaq.
İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, cavab ağır olacaq. O nəzərə çatdırıb ki, İran İsraili yer üzərindən silməyə çalışır, lakin buna müvəffəq olmayacaq. Baş nazir deyib ki, bu müharibədən İsrail qalib çıxacaq.