Modern.az

Rusiyada nazirin müəmmalı ölümü - Sovetsayağı ab-hava GERİ QAYIDIR

Rusiyada nazirin müəmmalı ölümü - Sovetsayağı ab-hava GERİ QAYIDIR

Dünya

9 İyul 2025, 19:48

Rusiyanın sabiq nəqliyyat naziri, Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyitin ölümü ölkədə böyük rezonansa səbəb olub.

Onun cəsədi 8 iyul tarixində - vəzifəsindən azad edilməsindən cəmi bir neçə saat sonra Moskva vilayətinin Odintsovo şəhərində avtomobilində tapılıb.

53 yaşlı Starovoyitin özünə odlu silahla atəş açaraq həyatına son verdiyi ehtimal edilir. O, son 30 ildən çox müddətdə Rusiyada intihar edən ilk nazirdir. Doğrudur, hələlik intihar versiyası tam təsdiqlənməyib, amma Rusiya istintaqının ilk ehtimalı budur.

Modern.az xatırladır ki, sonuncu oxşar hadisə 1991-ci ildə baş verib, o zaman daxili işlər naziri Boris Puqo SSRİ Prezidenti Mixail Qorbaçova qarşı uğursuz çevriliş cəhdində iştirak etdikdən sonra intihar etmişdi.

Amma Starovoyitin ölüm hekayəsi daha çox Sovet dövrünün başqa bir naziri xatırladır. Söhbət işdən çıxarılandan sonra korrupsiya və səlahiyyətlərindən sui-istifadə ilə ittiham edilən və bunda sonra 1984-cü ildə intihar edən Nikolay Şelokovdan gedir.

Roman Starovoyit 2022-ci ilin sonunda Kursk vilayətindəki qubernatorluq vəzifəsini başa vurmuş, ardınca isə nəqliyyat naziri postuna gətirilmişdi. Onun vəzifədən uzaqlaşdırılmasından az sonra, Ukrayna qüvvələrinin Kursk vilayətinin bir hissəsinə qəfil hücumu baş verib və vilayətin bir hissəsi ələ keçirilib. Rusiyanın həmin əraziləri tam nəzarətə götürməsi 8 ay çəkmişdi.

Aprel ayında Starovoyitin keçmiş müavini Aleksey Smirnov Kursk qubernatoru təyin olunsa da, cəmi bir neçə həftə sonra 1 milyard rublu mənimsəməkdə ittiham edilərək həbs olunmuşdu. Rusiya mətbuatı iddia edir ki, Smirnov istintaqda keçmiş rəhbəri Roman Starovoyit əleyhinə ifadələr verib.

Kremlin düşmənləri arasında panika artır

Rusiya mətbuatında yayılan məlumatlara görə, Starovoyit barəsində cinayət işi açılmaq üzrə idi. Bu fakt ölkədə yüksək vəzifəli şəxslər arasında artan narahatlığın göstəricisidir. Çünki Rusiya məhkəmələrində belə cinayət işləri üzrə bəraət faizi çox aşağıdır və həbsxana şəraiti də ağırdır.

Kreml Starovoyiti vəzifədən azad edərkən adətən istifadə olunan "etimadın itirilməsi" ifadəsini sənədə daxil etməyib. Bu isə onun vəziyyətinin hüquqi baxımdan hələlik qeyri-müəyyən olduğunu göstərir.

Ekspertlərə görə, Roman Starovoyitin ölümü, müasir Rusiyada yüksəkçinli məmurların korrupsiya və ya uğursuzluqlar səbəbilə ciddi nəticələrlə (həbs, rüsvayçılıq və ya ölüm) qarşılaşa biləcəyini açıq şəkildə ortaya qoyur. Bu isə Sovet dövrünün məşhur təmizləmə və "intiharlar dalğası" ilə paralellik təşkil edir.

Hazırda Rusiya İstintaq Komitəsi Starovoyitin ölüm səbəbini araşdırır. Rəsmi nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi