Modern.az

Erməni lobbosi və diasporu MƏHV EDİLDİ

Erməni lobbosi və diasporu MƏHV EDİLDİ

Dünya

8 Avqust 2025, 17:18

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar artıq danışıqlar masasında öz təsirini göstərir. Bu gün ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş sülh müqaviləsinə aparan yolda mühüm mərhələ kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, bu sənəd imzalandıqdan sonra təkcə regionun siyasi xəritəsi deyil, həm də Ermənistanın uzun illər dayaqlanmağa çalışdığı xarici qüvvələrin, xüsusən də erməni diasporunun rolu köklü şəkildə dəyişəcək.

Belə ki, indiyədək erməni diasporu Ermənistanın xarici siyasətində mühüm təzyiq aləti kimi çıxış edib. ABŞ, Fransa və Kanadada güclü lobbiçilik şəbəkələri formalaşdıran diaspor Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edən qərarların qəbuluna çalışıb, etiraz aksiyaları təşkil edib, saxta “soyqırımı” iddialarını gündəmdə saxlayıb. Bundan başqa, maliyyə ianələri və siyasi dəstəyi ilə Ermənistan iqtisadiyyatında müəyyən boşluqları doldurub.

Lakin Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbə bu təsir mexanizmini ciddi şəkildə zəiflətdi. Müharibədən sonra formalaşan yeni status-kvo fonunda diasporun əsas arqumentləri iflasa uğradı. Artıq Ermənistan rəhbərliyi üçün də bu qurumun siyasi və maliyyə dəstəyinə əvvəlki kimi ehtiyac qalmayıb. Çünki bütün həlledici məsələlər küçə aksiyalarında deyil, birbaşa danışıqlar masasında həll olunur.

Sülh müqaviləsi imzalandıqdan sonra isə erməni diasporu, faktiki olaraq, tarixi funksiyasını itirəcək. Qarabağ mövzusu rəsmi şəkildə bağlanacaq, Ermənistanın beynəlxalq tribunalarda Azərbaycanla bağlı iddialar irəli sürməsi üçün hüquqi əsas qalmayacaq. Bu, münaqişə gündəmi üzərində illərlə pul və nüfuz qazanan diaspor strukturlarının çöküşü deməkdir.

Sülh sazişinin əsas nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması olacaq. Bu layihə Ermənistan üçün yeni kommunikasiya xətti olmaqla yanaşı, həm də illərdir davam edən iqtisadi blokadanın sonu deməkdir. Dəhliz vasitəsilə Ermənistan Türkiyə, Rusiya, İran və Orta Asiya bazarlarına birbaşa çıxış əldə edəcək. Tranzit ölkə statusu ona əlavə gəlir gətirəcək, logistika imkanlarını genişləndirəcək, xarici investisiyalara yol açacaq. Azərbaycanın təşəbbüsü ilə formalaşacaq bu yeni regional əməkdaşlıq mühiti Ermənistanın istehsal, turizm, kənd təsərrüfatı və enerji sektorlarında inkişaf üçün real şərait yaradacaq.

Blokadadan çıxmaq və iqtisadi əlaqələrin genişlənməsi Ermənistan əhalisinin sosial rifahına birbaşa təsir göstərəcək. İş yerlərinin artması, gəlirlərin yüksəlməsi və gənclərin ölkədə qalaraq biznes imkanları qazanması mümkün olacaq. Ən əsası isə, Ermənistan cəmiyyəti illərlə davam edən münaqişə gündəmindən sülh və inkişaf gündəminə keçid edəcək. Bütün bu dəyişikliklərin mərkəzində isə Prezident İlham Əliyevin ardıcıl, prinsipial və qalib mövqeyə söykənən siyasəti dayanır. Azərbaycanın hərbi, iqtisadi və diplomatik gücü, beynəlxalq əməkdaşlıq formatlarında artan nüfuzu regionda oyun qaydalarını dəyişib. Vaşinqton masasında qalib lider kimi əyləşən İlham Əliyevin mövqeyi həm də erməni diasporunun tarixi rolunun sona çatmasına işarədir.


Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Vaşinqtona səfəri ABŞ dövlət başçısı Donald Trampın dəvəti əsasında baş tutur və tarixi əhəmiyyət daşıyır. Beləliklə, Bakı ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin yeni mərhələsi başlayır. O qeyd edib ki, səfər həm də ABŞ-də fəaliyyət göstərən Erməni Milli Komitəsinin - erməni lobbisinin iflasıdır:

“Məlum olduğu kimi, erməni diasporu Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasını qıcıqla qarşılayır və bunu guya Ermənistanın suverenliyinə “təhdid” kimi təqdim edir. ABŞ-də fəaliyyət göstərən bütün erməni təşkilatları Azərbaycanla yekun sülhün əleyhinədir. Lobbi açıq şəkildə prosesi pozmaq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq istiqamətində çalışır. Ötən gün biz yenidən sülh gündəliyi ilə bağlı Daşnaksütyunun lobbi təşkilatının qərəzli bəyanatının şahidi olduq”.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra erməni lobbisinin mövqeyi xeyli zəifləyib:

“Kapitulyasiya aktına imza atan Paşinyanla lobbi arasında böyük uçurum yarandı. İşğal dövründə məhz lobbinin ianələri hesabına duruş gətirməyə çalışan separatçı rejim tarixin zibilliyinə atıldı. Erməni lobbisi artıq qondarma rejimə havadarlıq edə bilmir. Bayden-Blinken administrasiyası dövründə lobbinin ölkəmizə qarşı müxtəlif təxribatçı cəhdləri olsa da, Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə Azərbaycanla münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı”.

Nigar Məmmədova vurğulayıb ki, artıq ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa doğru irəliləyir:
“Qalib Azərbaycanın ABŞ-də mövqeyi və nüfuzu artmaqdadır. Bu isə ABŞ-də erməni lobbisinin təsir rıçaqlarının da zərərsizləşdirilməsi deməkdir”.

Politoloq Tofiq Abbasov isə qeyd edib ki, Paşinyanın siyasi üstünlükləri də Azərbaycan diplomatiyasının uğurları sayəsindədir.

ABŞ-də keçiriləcək görüş ətrafında maraqlı qüvvələr aktivləşib və bunlardan biri də erməni kilsəsi və diaspordur:

“Artıq II Qaregin də ABŞ-ə yollanıb. Diasporun Amerikada güclü olduğunu bilirik. Onlar prosesə maraq göstərir, amma eyni zamanda müəyyən gözləntiləri də var ki, Paşinyan bu görüşlərdən siyasi divident qazanmasın. Əksinə, erməni diplomatiyasında əlini gücləndirəcək heç nə əldə etməsin. Halbuki məsələni diqqətlə izləyəndə görürük ki, Paşinyanın üstünlükləri var və həmin üstünlükləri də o, Azərbaycan diplomatiyasının uğurları əsasında qazanıb”.

Tofiq Abbasovun sözlərinə görə, bu prosesin əsas iki iştirakçısı Azərbaycan və Ermənistandır, onlara danışıqlar platforması verən isə ABŞ-dir:

“ABŞ tamhüquqlu nə vasitəçidir, nə də iştirakçı, amma təşkilatçıdır. Prosesin formalaşması, sülh gündəliyinin meydana gəlməsi Azərbaycanın fəal diplomatiyasının nəticəsidir. Paşinyan da bu sayədə müəyyən qazanclar əldə edəcək ki, erməni xalqını sülhə yaxınlaşdırsın. Lakin kilsə və diaspor bunu istəmir”.

Politoloq bildirib ki, Ermənistanın Baş naziri dəfələrlə “mifik yox, real Ermənistan” yaratmaq istədiyini açıqlayıb:

“Mifik Ermənistanla məşğul olanlar Sarkisyanlar, Köçəryanlar, Qaregin, diaspor rəhbərləridir. Onlar erməni identikliyini süni şəkildə yüksəldərək özlərini hamıdan üstün sayırlar və yeni nəsilə təlqin edirlər ki, guya tarix boyu hər şeyin mərkəzində ermənilər olub. Bu təbliğat erməni xalqını reallıqdan uzaqlaşdırır”.

Tofiq Abbasov hesab edir ki, Azərbaycan Prezidentinin yanaşması konseptualdır və məqsəd erməni xalqına sülh və əmin-amanlıq mühitini təmin etməkdir:

“Ermənilər hazırda dünyadan təcrid olunmuş, qara küncə bənzər bir mövqedədir. Xəritədə adını görməsələr, heç kimin yadına düşməyəcək bir ölkədir. İnvestorlar ora sərmayə qoymaq istəmir. Müstəqilliyini elan etdikdən sonra ilk işləri Azərbaycana qarşı ərazi iddiası irəli sürmək oldu, nəticəsi isə göz qabağındadır”.

“Erməni xalqı öz identikliyini üç institut üzərində qurduğunu deyir – dövlət, kilsə və diaspor. Amma onların idarəçiliyi yarıtmazdır, heç bir nəticə verməyib. Ermənistanın indiki Baş naziri çalışır ki, elə bir əlaqə formalaşdırsın ki, erməni xalqı inkişaf meyillərinə yaxınlaşsın, konseptual inkişaf proqramı olsun, anti-böhran tədbirləri hazırlansın. Bunlar həyata keçməsə, Ermənistanda əhali itkisini dayandırmaq mümkün olmayacaq”- deyə sonda o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir