31 avqust-1 sentyabr tarixlərində Çinin şimalında, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Çin lideri Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və ŞƏT Plus iclasına sədrlik edəcək.
Sammit çərçivəsində Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək. Rusiya Prezidenti Vladimir Putin, BMT Baş katibi Antonio Quterreş, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və Malayziya Baş naziri Anvar İbrahim tədbirə qatılacağı təsdiqlənən adlar arasındadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə dəvət olunub. Paşinyan iştirakını təsdiləyib, İlham Əliyev isə aprel ayında sammitə dəvəti qəbul edib.
Modern.az-ın məlumatına görə, Kremlə Azərbaycan və Rusiya prezidentlərinin sammit çərçivəsində görüşüb-görüşməyəcəyi ilə bağlı sual ünvanlanıb.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşün mümkünlüyünü şərh etməyib və Putinin ikitərəfli görüşlər qrafikinin hələ hazırlanma mərhələsində olduğunu bildirib.
"Biz indi ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, onu çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə uyğunlaşdırmaq lazımdır, bu iş tamamlandıqdan sonra sizi məlumatlandıracağıq", - o qeyd edib.