Modern.az

Rusiyadakı azərbaycanlılar üçün yeni qayda: bu proqramı yükləməlisiniz!

Rusiyadakı azərbaycanlılar üçün yeni qayda: bu proqramı yükləməlisiniz!

Dünya

1 Sentyabr 2025, 21:33

Bu gündən etibarən Moskva şəhərində və Moskva vilayətində miqrantların qeydiyyatı üçün yeni pilot layihə işə salınacaq.

Modern.az xəbər verir ki, layihə çərçivəsində “Amina” adlı mobil tətbiqdən istifadə məcburi olacaq.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, tətbiq koronavirus pandemiyası zamanı fəaliyyət göstərmiş “Sosial monitorinq” sisteminə bənzər prinsiplərlə işləyəcək. Onun vasitəsilə miqrantların yaşadığı ünvan və yerləşdiyi məkan izlənəcək, sənədlər isə elektron formada təqdim ediləcək.

Kimlərə şamil ediləcək?

Tətbiqi ilk dəfə Rusiyaya işləməyə gələn və ya qeydiyyatını, əmək müqaviləsini uzatmaq istəyən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları yükləməlidirlər. Miqrantlar daimi qaldıqları ünvanı tətbiqdə qeyd etməli, ünvan dəyişikliyi baş verərsə bunu üç iş günü ərzində bildirilməlidirlər.

Qaydalara əməl olunmadıqda miqrantın məlumatları “nəzarət edilən şəxslər reyestrinə” daxil edilə bilər. Gələcəkdə “Amina” vasitəsilə əmək patentlərinin ödənişi də mümkün olacaq.

Yeni qaydalar 18 yaşdan kiçiklərə, Belarus vətəndaşlarına, diplomatlara və onların ailə üzvlərinə şamil olunmur. Eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də bu tələbdən azad ediliblər.

“Amina” yalnız RuStore tətbiq mağazasında yüklənə bilər. Proqram Android 7.0 və daha yeni sistemlərdə, eləcə də "Huawei"nin "HarmonyOS 3" platformasında işləyir. Tətbiq artıq 200 mindən çox dəfə endirilib və orta reytinqi 4,1-dir.

Bununla yanaşı, istifadəçilər tətbiqin işində problemlər olduğunu bildirirlər. Xüsusilə geolokasiya dəqiqliyi, avtorizasiya və məlumatların yüklənməsi ilə bağlı şikayətlər mövcuddur.

Pilot layihə Vladimir Putinin 23 may 2025-ci il fərmanı ilə təsdiqlənib və 2029-cu ilə qədər davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular