Modern.az

Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?

Ermənistan vətəndaşları Zəngəzur dəhlizindən necə istifadə edəcək?

Dünya

8 Sentyabr 2025, 16:58

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.

Razılaşmaya əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.

Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. 

Maraqlı nüanslardan biri də Ermənistan vətəndaşlarının dəhlizdən istifadə edib, başqa ölkələrə gedib-gedə bilməyəcəyi ilə bağlıdır. 

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadə bildirib ki, Zəngəzur dəhliziinin açılması Ermənistan üçün də böyük dvidentlər gətirəcək:

"İkinci Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbə nəticəsində, torpaqlarımızı işğaldan azad etməklə bölgədə yeni reallıqlar yaratdıq. Yeni reallıqlar fonunda regionda yeni kommunikasiya qovşaqlarının açılması məsələsi gündəmə gəldi. Azərbaycanın irəli sürdüyü məsələlərdən biri məhz Zəngəzurdan keçən yeni kommunikasiya qovşağının istifadəyə verilməsi ilə bağlıydı. Bununla bağlı artıq razılaşmalar əldə olunub.  Azərbaycanın maraqları nəzərə alınmaqla avqustun 8-də Vaşinqtonda imzalanmış müqavilələr əsasında faktiki olaraq, kommunikasiya qovşağının fəaliyyətinin fəaliyyəti ilə bağlı ciddi addımlar atılıb. Və kommunikasiya qovşağının tam istifadəyə verilməsi üçün investisyalar qoyulmalıdır. ABŞ bu prosesdə əsas rol oynayacaq. ABŞ-yə məxsus bir şirkətin prosesdə əhəmiyyətli rol oynamasıyla yanaşı, bu ölkənin qarant rolu oynaması kommunikasiya qovşağının açılması imkanlarını bir qədər də reallaşdırır və tezləşdirir. Təbii ki, kommunikasiya qovşağı açılandan sonra, yalnız region ölkələri yox, regiondankənar dövlətlər də bu layihədən yararlanacaq və iqtisadi dvidentlər əldə edilmiş olacaq. Təbii ki, bu layihədən eyni zamanda Ermənistan da çox böyük dvidentlər əldə edəcək".

Deputat vurğulayıb ki, Ermənistan dövləti ilə yanaşı, bu ölkənin vətəndaşları da bu kommunikasiya qovşağından istifadə edə biləcək:

"Ermənistan vətəndaşları da kommunikasiya qovşağından istifadə etmək imkanı əldə edirlər. Onların Gömrük və digər beynəlxalq müqavilərə əsasən kommunikasiya qovşaqlarından istifadə etmək imkanları olacaq.Məlum olduğu kimi bu kommunikasiya qovşağından azərbaycanlılar istifadə edəcək, eləcə də ölkəmiz üzərindən yüklər buradan digər ölkələrə çatdırılacaq. Ermənistan vətəndaşları da bu kommunikasiyadan istifadə etməklə Azərbaycan ərazisi üzərindən başqa ölkələrə gedə biləcəklər. Hesab edirəm ki, burada əlavə hansısa məhdudiyyətlər olmayacaq. Bütün ölkələr üçün eyni imkanlar tanınmış olacaq".

Qeyd edək ki, Ermənistan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə etməklə, əsasən İrana və Rusiyaya rahat çıxış imkanları əldə edə biləcəyi ehtimal olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?