Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
...1990-cı ilin 20 Yanvar günündə qərənfil məmləkətimizdə matəm rəmzinə çevrildi.
Düşünməyin ki, sadəcə, bizdə belədi və məhz Azərbaycanda qərənfil kədər, matəm nişanəsi oldu.
Söz yox, qərənfil (latınca "dianthus"), yəni qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi Azərbaycanda ötən əsrin ortalarından başlayaraq aktiv əkilib, becərilib. 1980-1990-cı illərdə Sovetlər Birliyinin çox şəhərlərində Abşeronda yetişdirilmiş qərənfillər satılırdı.
Və kimsə bilmirdi ki, Qərbdə "İsa çiçəyi" adlanan bu gülün nə hikməti varmış...
Ümumiyyətlə, sənətdə çiçəklərlə bağlı simvolizm geniş yayılıb. Şərq şeriyyatında və rəngkarlığında qızılgül sevgi, qara qızılgül - kədər, lalə - istək, zanbaq - qüssə, çobanyastığı - gözlənti və s. anlamları var.
Modernihmə qədər rəsm əsəri çox bahalı işdi. Sadəcə, boyalara görə yox - həm də çəkilən zəhmətə görə. Bu səbəbdən rəssam nəyisə çəkməzdən əvvəl düşünür, daşınır, bəzən bir ay fikirlərə qərq olurdu. Çünki hər cizginin bir mənası vardı.
19-cu əsrdə, təxminən impressionizm dövründə hər şey ucuzlaşdı - boyalar, kətan, iş və zəhmət haqqı. Hazır əsər dərhal gəlir gətirmirdi. Bu səbəbdən rəssamlar daha çox əsərlər çəkməyə başladılar. Çəkilmiş nəsnələrin və gizgilərin də artıq simvolik məna daşımaq məcburiyyəti yoxdu.
Kətil sadəcə, kətil ola bilərdi. Ya da çiçək, sadəcə çiçək, vəssəlam.
Halonki Qərbi Avropada qərənfil rəssamlar arasında populyar simvoldu.
Məsələn, 16-cı əsrdə yaşamış Hans Springinkleenin "Körpəli və qərənfilli Madonna" əsərində çiçək aşkar simvoldur. 19-cu əsrdə yaşamış Fridrix Burinin "Körpəli və donorlu Madonna" tablosu təki.
Yaxud 17-ci əsrdə yaşamış Hans-Simon Holtzbeckerin "Nəbatat rəsmi"ndə olduğu kimi.
Qərənfil simvolikasının Qədim Yunanıstanda və Qədim Romada da mövcudluğunu iddia edən "ekspert"lər, kulturoloqlar, tarixçilər var.
Belə deyil, çünki qərənfil əslində Avropada səlib yürüşlərindən sonra peyda olmuşdu.
Bu yalanın kökü isə qərənfilin latın dilindəki adı - "diantus"a dayanır. Bu kəlmə yunan dilində "Ζεύς", yəni "Zevs" sözünün yiyəlik haldakı forması "Δῖος" və yunan dilindəki "ἄνθος", yəni "gül" kəlmələri ilə bağlıdır.
"Zevsin gülü". Halbuki gülün adı 13-cü əsrdə formalaşmışdı.
Rus dilindəki "qvozdika" sözü də polyak dilindəki "gozdzik" alınmadır. Polyaklar da o sözü alman dilindəki "Nelke"dən götürüblər.
Əcəba, nədən gülün adı "mıx" kəlməsi ilə bağlanıb?
Orta əsrlərdə Avropadakı katolik şüuru üçün qərənfilin adı İsa Məsihin çarmıxa çəkildiyi zaman onun biləklərinə və topuqlarına vurulmuş mıxlarla assosiasiya olunurdu.
Almaniyanın Trir şəhərindəki kilsədə də İsa Məsihin çarmıx mıxlarının relikvarium formasındakı bəzəyi var.
Bu səbəbdən qərənfil İsanın məruz qaldığı əzabların simvoluna çevrildi.
Rəssamlar da qucağında İsanı tutmuş Məryəm ananı, yəni Madonnanı çəkəndə əsla və əsla qərənfili unutmurdular. Çünki qərənfil körpə İsanın sonradan çəkəcəyi əzabların, üzləşəcəyi iztirabların nişanəsi idi.
Dahi Leonardo da Vinçi də 1478-ci ildə "Qərənfilli Madonna"nı çəkmişdi.
Katolisizmdə dini bayramlarda kilsələrə qucaq-qucaq qərənfil aparır, ibadət məkanını bəzəyirdilər.
19-cu əsr gəldi. Avropada və ABŞ-da kommunizm kabusu dolaşmağa başlandı, müxtəlif sosialist cərəyanlar yarandı.
Sosialistlər də qərənfili "zəhmətkeşlərin kədəri və sadə insanların mübarizəsi" simvolu seçdilər.
İlk dəfə 1882-ci ilin sentyabrın 5-də Nyu-Yorkdakı "Labor Day"də ("Əmək Günü"də) nümayişdə əllərində qərənfil tutmuş fəhlələr küçələrdən keçdilər.
Həmin yürüşdə qərənfillər Çikaqoda gülllənmiş fəhlələrin anım simvolu idi.
O anım sonradan 1 May Beynəlxalq Əmək və Həmrəylik Günü oldu.
Almaniyada, Avstriyada, İtaliyada da fəşlələr kapitalizmlə monarxiyalara qarşı mübarizə simvolu qismində qərənfili seçdilər.
Elçin Alıoğlu