Modern.az

Bir zaman dünyada atam vardı...  

Bir zaman dünyada atam vardı...   

28 Sentyabr 2017, 15:52

Aida Eyvazlı


Atam   Şamaxının  Xeybəri kəndindən çıxıb Bakıya yol alanda 7-ci sinif təhsilini bitirmişdi. Bakıda əvvəlcə  peşə məktəbinə daxil olub dərzilik öyrənmiş, sonra elə bu sənətin çörəyini yeməyə başlamışdı. Elə sənəti ilə də “usta Məmmədşah”  adını qazanmışdı...

Bu gün düz 12 ildir ki, atasızlıq ağrısından yanıb qovruluram. Heç nə , heç kim atamın yerini vermir. Atamdan sonra kimsə, könlümü onun kimi ala bilmədi.  Hansı məqamını xatırlayıramsa, elə bilirəm ki, dünən idi. Əslində dünən idi.  Bəlkə də atamı son mənzilə yola sala bilmədiyimdən, o zaman Vətəndə olmadığımdan, bu günə qədər də gözüm hər yerdə onu axtarır. Atamsız heç nəyin dadı, tamı, gözəlliyi yaraşığı yoxdur.

Bütün uşaqlar, qızlar, oğulların dediyi kimi, mənim atam da dünyanın ən yaxşı , ən gözəl, ən mehriban atası idi.

Biz 5 uşaq idik. Hələ sabiq sovetlər dövründə atam bizim paltarlarımızı, ərzaqlarımızın fərqlisini, məsələn hind çayını, “Krakova” kolbasasını, şirniyyatımızı  və şokaladlarımızı  Moskvadan, Leninqraddan alıb gətirirdi. Dərzi olduğundan, həmin şəhərlərə parça almağa gedər, bizim də əyin-başımızı təzələməyi unutmazdı.  

Atam Rusiyaya gedəndə gələcəyi vaxtı demirdi. Evimizdə telefon da yox idi. Lakin anam atamın nə zaman geri dönəcəyini bilərdi. Gələndə də deyərdi ki, ürəyimə dammışdı bu gün gələcəksən. Biz yatmayıb atamı gözləyərdik.   Qapının zəngi çalınanda  hamımız qaçıb qapıda boynuna sarılıb,  qucaqlayardıq.  Atamın qoynu elə isti, elə əziz olardı ki...Bu bizim atamıza olan istəyimizi büruzə vermək forması idi. Sonra atam təyyarədə verilən konfetləri  cibindən çıxarıb, bizə paylayardı. Ancaq payın ən maraqlısı atamızın əlində gətirdiyi son dəbli dəri portfeldə və bağlamalarda olurdu. O bağlamalarda isə “A nuka otnimi”, “Mişka” , “Zolotoy Petuşok”, “Snejok”, “Meçta” konfetlərinin olduğunu bilirdik. Atam gətirdiyi bağlamaları açdımı, ətrafa gözəl şokalad-konfet ətri yayılardı. Anam həmən hər  birmizim  şirniyyat payını verəndən sonra, ayrılıb gedərdik yatmağa. Heç yata bilərdikmi? Üç bacı baş-başa verib, atamın bizə aldığı, lakin  poçtla yola saldığı bağlamalarda olan paltarlarımızdan danışardıq... O biri otaqdan isə atamın kefli gülüş səsləri gələrdi, yəqin ki, anama səfər təəssüratlarını danışardı...

Bir onu bilirəm ki, atam  ildə üç-dörd dəfə baş verən belə səfərlərdən qayıdandan sonra, gecəni səhərə qədər gözümə yuixu getməzdi. Çünki  atam gördüyü şəhərləri, yerləri daha çox mənə xitabən danışardı. Deyərdi ki, təyyarədən  Yer üzü elə maraqlı görünür ki... Deyərdi ki, meşələri də,  gölləri də təyyarədən  seyr etmək çox gözəldir... Elə danışardı ki, sanki mənə yol göstərərdi. Hərdən də deyirdi ki, qızım sən Moskvada oxuyanda, seçilmiş, hörmətli bir şəxs olanda sənə ətrafdakıların “Aida Mamedşaxovna” deyə müraciət edəcəklər... Bu atamın arzuları idi. O zaman Sovvet adamlarının arzuları Sovet İttifaqının sərhəddindən çıxmırdı...

Bacım Sevda ilə mənim aramda 11 ay yaş fərqi olduğundan, paltarlarımızı cüt geyinərdik. Bizim geydiklərimiz Bakıda tikilmirdi deyə, ətrafdan tez gözə çarpardı. Sumqayıtdakı 4-cü mikrorayondakı əvvəllər  yaşadığımız məhəlləmizdə bütün qonşular bizim  geyindiyimiz paltarlara həsəd aparardılar.  Bir dəfə  ikimizə də  ağ  ayı dərisindən iki kürk alıb gətirmişdi  Mənim kürkümün üstündə qəhvəyi adda-budda xallar da var idi. Sevdanın kürkü ağappaq idi. Sarışın Sevda o kürkdə balaca qar qıza oxşayardı. Atam özü də gözəl geyinərdi.  “Baharın 17 anı” filmi təzə çıxanda atam özünə  Vyaceslav Tixonovaun geyindiyi  filmdə geyindiyi Moskvadan “Tiklas” firmasınn  plaşını almışdı. Həmin plaşı geyinib, bir dəfə  Böyük teatra konsertə baxmağa gedir. Rus qızları və qadınları gəlib onu Vyaçeslav Tixonova oxşatdıqlarından ,avtoqraf istəyiblərmiş... Rus dilini də gözəl bildiyindən,  oralarda da insanlarla gözəl və mədəni ünsiyyət qurmasında heç bir problem yox idi.   Başına o qədər maraqlı əhvalatlar gələrdi ki...  Bu  danışdıqları mexaniki olaraq  o vaxtlardan yaddaşıma yazılanlardı...

Biz mağazadan ət almazdıq. Mağazaların vitrinlərində  səliqə ilə kəsilib düzülən donmuş ətə elə maraqla baxardıq ki... çünki bizim evimizdə həmişə atamın özünün kəsdiyi qoyun əti olurdu. Deyirdi ki, o ətlər 40 ilin ətidir. Yemək olmaz.  Və bir dəfə  evimizə qonaq gələn bir qohumumuz Sevdadan “Böyüyəndə kim olacaqsan?” soruşanda, dedi ki,   “Maqazində donmuş ət satacağam...”.  Süfrənin ətrafında oturan hamı gülməyə başladı...  Sonralar dərk etmişdim ki, sarışın, sarı saçlı, uzun hörüklü bacım, donmuş əti ən əlçatmaz bir nəsnə bilirmiş...

Atam bizi özünün dediyi kimi, yağ  içərisində böyrək kimi böyütdü. Biz heç vaxt çətinlik nə olduğunu bilmədik, 5 uşaqdan  4-ümüz oxuyub ali təhsil aldıq... Atamın sayəsində hamımız ev-eşik sahibi olduq. Şükür Tanrının böyüklüyünə ki, çörəyə, paltara, məişət qayğılarına görə kimsəyə möhtac olmadıq. Hər zaman gözümüz tox, süfrəmiz açıq oldu. Varlı olmadıq, anamın kilolarla brilliantları və qızılları, atamın mülkləri qalmadı, ancaq barələrində xoş xatirələr  və təmiz adları qaldı.

Atam təkcə bizi, deyil özünü də dəyərləndirirdi. Bazardan  meyvənin ən safını, məhsulun ən gözəlini alıb gətirərdi... Anam,  atam süfrə başına oturmamış qazanın ağzını açmazdı. Və yeməyin birincisini atam üçün çəkərdi.  O da yadımdadır ki, atam da şirin tikələrini tək yemirdi. Gah balaca qardaşım Xatəmlə,  ya da yanında dayanan hansısa balası ilə bölərdi... Anam da hirslənərdi ki,  a kişi... öz payını özün ye, onların payını çəkmişəm də...

Atamın əlləri elə yumşaq və gözəl idi ki... saçlarımı, başımı onun kimi kimsə tumarlamadı ki... Nə xoşbəxt olmuşam bir zaman allah.

1990-cı il yanvar ayının 24-ü idi. Daşkənddə universitetdə  smestr imtahanı verirdik. Səhər o başdan dərsə gələrkən, qəfildən həyətində atamı gördüm... Təyyarədən enən kimi , gəlib burada məni gözləmişdi... Lap uşaqlıqda olduğu kimi, sevinə-sevinə  qabağına qaçıb, boynunu qucaqladım. Atamın üzü tüklü idi. Nə baş verdiyini soruşdum. Dedi, qorxma qızım, Bakıda indi hər kəs yas içindədir. Qorbaçov Azərbaycanlıları qırdı... Mən də səndən ötrü narahat oldum, zəng edə bilmədim, gəldidm bura ki, birdən ermənilər sənə xəta yetirərlər... Dərslərim qurtarana kimi,  universitetin dəhlizləri arasında məni gözlədi. Sonra Çorsu bazarına getdik.  Orada bir yeməkxanada oturduq. Atam  zənbilindən anamın bişirdiyi xoruzu çıxarıb stolun üstünə qoydu ki, birlikdə nahar etik... Və  süfrə arxasında aram-aram Bakıda baş verənləri danışdı...

Vətəndə baş verən iğtişaşlar atamı çox narahat edirdi. 1988-ci ildən başlayaraq meydanlarda oldu, Azadlığımızı qazanmaq üçün mübarizələrdən çəkinmədi.

Vətənimiz Müstəqillik qazananda  qol götürüb oynamışdı...

Atam  çoxlu kitablar oxuyurdu... Atamın könlündə Nizamilər, Nəsimilərin, Atatürün ytəlatümləri var idi... Atam bir sufi əxlaqlı kişi idi...

Atamın gözəl danışıq və nitq qabiliyyəti var idi. Həm rus, həm də azərbaycanca çıxış edəndə, məntiqli fikirləri ilə ətrafdakıları heyran qoyurdu...

Bir də ki, atamın gözəl səsi var idi... Kefinin kök vaxtında  “Şirvan şikəstəsi”, “Döymə kərəmi”, “Baş alıb gedirsən hayana ceyran”. “Nar ağacı”, “Güllü” ... mahnılarını oxuyardı... Anam da özünə əl qatardı ki, ay kişi qonşulardan ayıbdır, yenə səsini atmısan başına... Ancaq atamın səsi havalı səs idi. Şirvanın bulaqlarından, havasından , çiçəyindən, gülündən , torpağından havalanmışdı...

Atamın gözəl rəqs etməyi var idi.  Gözəl-boy-buxunu ilə məclisə girəndə “Süleymani” oynayardı...

... Var kimi qoyub getdiyim atamı 12 ildir ki axtarıram... Elə bil dünən idi... Mən atamı 12 ildir ki, görmürəm... ancaq bu 12 ildə bir gün də olsun onu unutmadım ki... Hər sözümdə, söhbətimdə atam oldu... 

Bu 12 ildə qazandığım uğurlarda, sevinclərdə ilk axtardığım atam oldu. Həmin dəqiqə fikirləşdim ki, atama bu xəbəri versəydilər, və ya desəydim gör bir nə qədər sevinərdi... Hətta sevincimi böldüyüm ata qohumlarıma da “Gör bir atam bu xəbərə necə sevinərdi...” deyərəkən, hər dəfə gözlərim doldu...

Atamdan çox şey öyrəndim: düz danışmağı, mərdanəliyi, haramdan qorunmağı, kimsənin malına göz dikməməyi, yetim malı yeməməməyi, kimsənin yanında gözükölgəli qalmamağı... sərt cavab qaytarmağı...

Atamla bağlı evdə bəzi videomateriallarımız var. O videogörüntülərin birində atam  nəvələrini başına yığıb və belə bir arzu edir: “Allahdan sizə var dövlət deyil, ruzi və halal çörək  arzulayıram... Var dövləti çox olan gecələr yata bilmir, çünki  imtahanı, davası çətin olur, halal qazananlar isə rahat yatırlar...

28 sentyabr 2005-ci ildə atam bayram bazarlığı ilə  Şamaxıya gedərkən, kənddəki qohum-əqrabanı qarşıda gələn Orucluq bayramı münasibəti ilə təbrik etmək istəyirdi. Həm də kənddə, dünyadan cavan köçmüş  gənclik dostu rəhmətlik  Vəlcan müəllimin qızının toyu olacaqmış. Fikirləşirmiş ki, ata əvəzi qıza xeyir-dua verib  yola salsın.  Həmin gün bacı-qardaşına baş çəkən atam, bibim Zərüələmə  və əmim Nizamiyə deyir ki, onun üçün  evin ortasına döşək salsınlar. Axşamüstü saat 5-də atam dayanmadan namaz qılmağa ,Allaha dualar etməyə başlayır. Qardaş-bacısı soruşanda ki, nədən belə edirsən, deyir ki, mən Tanrıma qovuşuram. Ömrümün sonu yetişdi... Əvvəlcə inanmırlar... Sonra baxırlar ki, atam Tanrısına ibadət edə-edə gözlərini yumur...

29 sentyabrda atamı özünün vəsiyyət etsiyi kimi kəndimizin qəbristanlığında anasının ayaqları altında böyük-hörmət və şərafətlə dəfn edirlər...

Atam bu dünyadan köçəndə, mən onu görmədim... heç son mənzilinə də yola sala bilmədim...

Dünyanın ən böyük ağrılarından biri də,  sevdiyin adamı son məznilə uğurlayarkən qucaqlayıb doyunca öpə bilməməkdir...

O gündən bu günə qədər ki, hər gün atam üçün darıxıram...

Nə əlinə çatdı əlim,

Nə dilinə çatdım ata.

Hansı sözü söyləmədin,

Apardın qəlbində atam?

 

Nuri didəm, gur işığım,

Çırağımı aparmısan.

Qaranlıqlara düşmüşəm,

İndi məni taparmısan?

 

Səsini unutmamışam,

Çağırsan, qaçıb gələrəm...

Durnalardan qanad alar,

Uzaqdan uçub gələrəm...

 

Ölərəm öl desən ata,

Qalmağa yerim qalmayıb.

Aç qollarını qarşıla,

Daha taqətim qalmayıb.

Aç qollarını qarşıla..

Atam, ay atam qarşıla..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU