Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.
Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir.
Sabah gələrik
Xanlar oğlu Aydının (əvvəl yazmışdım – ona qıvraqlığına görə İlan Aydın deyirdik) Cəbrayıl rayon məkəzi poçtunun arxasındakı çinarlıqda yaxşı bir çayxanası vardı. İlan Aydın çayxanasını Əli oğlu Yaşarla birgə işlədirdi. O çayxana Cəmil Əhmədov adına Cəbrayıl orta məktəb müəllimlərinin sevimli yeri idi. Dərsdən çıxıb gəlib çinarın altında, meh vura-vura hilli, darçınlı, mixəkli, kəklikotulu samovar çayı içib yorğunluğu çıxartmaqdan gözəl nə olar!
Çayçı Yaşarın müəllimlərə münasibətdə bir “əmması” var idi – müəllimlər içdikləri çayın pulunu vermirdilər. Daha doğrusu, hər dəfə çay içib duranda Yaşara qəliz bir sual verirdilər, şərti də belə qoyurdular ki, Yaşar sualın cavabın tapsa, çaypulunu verəcəklər, tapmasa – yox. Sual da ki sual ola!?! “Zənzibar kraliçasının neçə yaşı var?”, “İşıq seli hansı vahidlə ölçülür?”, “Mazaparot böçəyinin neçə gözü var?” və s.
Yaşar savadlı ailədən olsa da (atası Əli kişi “Vaqif”- i əzbər söyləyirdi. Qardaşı Yavər isə Cəbrayıldakı bütün maşınların nömrəsini, sürücünün adını, soyadını gözüyumulu deyirdi), hazırcavab müəllimlərin suallarına cavab tapmaq elə də asan iş deyildi.
Bir yay günü müəllimlər - Cəbrayıl Haciyev, Tofiq Əliyev, Müzəfər Sadıqov, Oruc Rzayev və bir neçə başqa müəllim yenə Yaşarın çayxanasında çay içir, suallarına cavab almayıb çaypulunu vermədən aralaşırmışlar. Yaşar çayxanaya tərəf gələn “İlan Aydın”ı görəndə başılovlu özünü onun üstünə salır:
- Aydın, bu müəllimlər yenə pul verməyib getdilər.
- Hə?! Qəm yemə, - Aydın müəllimlərin arxasınca baxır, - mən indi onlardan pulu alım, sən də bax.
Aydın əlini cibinə salıb bir neçə xırda pul çıxardır və müəllimlərin arasında ən yaşlısı (həm də ən hazırcavabı!) Cəbrayıl müəllimi səsləyir:
- Cəbrayıl müəllim, ay Cəbrayıl müəllim, xırdanız qaldı e!
- Canın sağ olsun, - Cəbrayıl müəllim geri boylanıb avtomat kimi cavab verir, - saxla, sabah gəlib çay içərik.
***
Qanunsuz nərd oyunu
Dadaş oğlu Vahid 70-ci illər Azərbaycan kriminal aləminin ən məşhur adamlarından idi. Bakıda yaşayan, ya da Bakıya gələn hansı cəbrayıllı qara-qura işə ilişirdisə, birbaşa Vahidin yanına gedirdi. O da, sağ olsun, heç kimi boş yolda salmazdı.
Vahid Cəbrayıla az-az gələrdi, amma gələndə cavanlar onun hər addımını izləyər, hərəkətlərini, işlətdiyi ifadələri təqlid eləyib ləzzət alardılar. (“Avtoritet”lər hər zaman gənclərin gizli gərəmanları olub). Vahidin, şübhəsiz ki, Cəbrayılda heç kimlə işi yox idi – sakit gəlib, sakit də gedərdi, ona görə milis də ona güldən ağır söz deməzdi. (Əslində, çox zaman deməyə ürək də eləmirdi)
Vahidin arabir dostları ilə nərd oynamağı vardı. Pulla, sözsüz ki. Tas 10 manat idi – bunu hər kəs bilirdi. Leninin başı olan qırmızı 10-luğu nərtaxtanın altına qoyardılar, o baxımdan da milis qumar oynanıldığını “sübut eləyə bilmirdi”.
Bir dəfə Cəbrayıl milisinə başqa rayondan qısa müddətə təzə rəis göndərilir (Rəsin adını yazmayaq, küsər). Təzə rəis işçilərini toplayıb Cəbrayılda kriminal durumu yaxşılaşdırmaq haqda alovlu çıxış eləyir və milislərə tapşırır ki, hər hansı neqativ hal olsa, yerindəcə boğsunlar.
Əslində, o vaxt Cəbrayıl Azərbaycanın ən sakit yeri idi. Pulla şahmat və nərd oynanılmasını çıxsaq, ən ağır kriminal hadisə hansısa uşağın məktəbdə dərsdən “2” alıb ağlaya-ağlaya evə gəlməsi olardı.
Təzə rəisin “qumarbazların kökünü kəsmək” əmrinə əsasən milislər darışırlar rayonun canına. Bütün gün axtarıb heç nə tapmayıb idarəyə qayıdırlar.
Təsadüfən Vahid rayonda imiş və bir dostu ilə Sərməs oğlu Arifin kitabxanasının arxasındakı kölgəlikdə nərd vururmuş. Rəis hardansa bu xəbəri eşidir, milislərə “dərs vermək” üçün hamısını bir yerə yığır:
- İndi mən sizə göstərərəm qumar oynayıb ictimai asayişi, vətəndaşların mənəviyyatını pozan antipodlarla necə danışmaq lazımdı!
Sonra da rəsi özü ilə beş nəfər milis götürüb kitabxananın arxasına, Vahidgilin nərd oynadığı yerə tərəf gedir.
- Rəis, qonaqdılar, elə-belə nərd atıb muşqulat eləyirlər, - yaşlı milislərdən biri rəisi fikrindən daşındırmaq üçün deyir, - gedib deyərəm, yığışdırarlar.
- Yox! Siz burda gözləyin, özüm danışacam, - rəis inad eləyib nərd oynayanlara yaxınlaşır:
- Vətəndaşlar, burda nə edirsiniz?!
Vahid zərləri əlində cütləyib rəisə tərəf dönür:
- Aqibətin xeyir, rəis.
- Dedim ki, burda nə ilə məşğulsunuz?! – rəis “salam”ın artıq olduğunu bildirmək üçün sözlərini bir daha təkrar eləyir.
Vahid çiyinlərini çəkir:
- Mədəni istirahət eləyirik, olmaz?
- Yox, olmaz! Siz qumar oynayırsınız! – rəis əl atıb nərtaxtanın bir tərəfini qaldırıb altından 10 manatı sübut kimi götürmək istəyir.
Vahid nərtaxtanın üstündən basıb dağılmış daşları yerinə düzür və tərs-tərs rəisə baxır:
- Rəis, özünüzü təqdim eləmədiniz.
- Mayor Filankəsov, sonra?!
- Mən neçə bilim ki, sən mayor filankəsovsan, vəsiqən var?
- Əlbəttə var! – rəsi vəsiqəsini çıxardıb Vahidin gözü qabağında yelləyir.
Vahid bir göz qırpımında vəsiqəni rəsin əlindən qapıb ortadan bölür və yaxınlıqdakı çaylağa firildadır:
- Get “kleylə”, sonra gələrsən, - deyib zərləri atır.
Rəis nə edəcəyini bilməyib pərt-pərt milislərə tərəf boylanır. Milislərsə qəhqəhələrini rəis görüb daha da pərt olmasın deyə boğurlar və bir nəfər kimi üzlərini hadisə yerindən döndərirlər.
Bu əhvalatın məzəsi öz yerində, amma neqativ tərəfi də oldu. Cəbrayılda bir neçə dəfə sözləri düz gəlməyən bir adam o birinin sənədini əlinə keçirib cırıb “get kleylə, gələrsən” demişdi.
***
And içirəm ki, bu - boğazdı!
Tinli kəndindən Sahib oğlu Natıq İmişlinin cırcıramasında qaçqınçılığın 18 illik əziyyətindən, valideynlərinin hər ikisini itirəndən sonra evin yükünü tək çəkməli olur. Döy-toqqac eləyib bir az pul toplayır. Düşünür ki, gedib bir boğaz inək alsın gətirsin, inəyin balası olsun, südün-qatığın yeyib dolansınlar.
Natıq üz tütür İmişli bazarına. Gəlir inəksatanların yanına.
- Eloğlu, inək lazımdırsa, təşkil eləyim, - dəllallardan biri tez Natıqı yanlayır.
- Hə, inək almaq istəyirəm, - Natıq ümidsiz səslə dillənir, amma mənə boğaz inək lazımdı.
- O nə sözdü, eloğlu, boğaz inək, gözüm üstə! – dəllal nabələd müştəri tapdığını görüb sevinir, - bu qəqiqə sənə bazardakı ən yaxşı inəyi seçim verim, özü də qəpik-quruşa!
Dəllal bir arıq inəyə yaxınlaşır:
- Eloğlu, ən məsləhətlisi budu. İnək deyil e, ceyrandı, ceyran!
Natıq bir dəllala baxır, bir inəyə... Az-çox təcrübəsindən görür ki, inək heç böğaz inəyə oxşamır - nə əmcəyi şişib, nə də qarnı çıxıb.
- Ağsaqqal, - Natıq şübhəsini gizlədib soruşur, - arxayınsan ki, bu inək boğazdı?
Dəllal inəyə yaxınlaşır, inəyin boynunu qucaqlayıb buynuzundan öpür:
- Eloğlu, Əli yolu haqqı bu boğazdı!
Bu anddan sonra Natıqin bütün şübhələri çəkilir.
Bir az bazarlaşıb qiyməti salandan sonra inəyi alır, çatısını əlinə keçirib dalınca çəkib sevinə-sevinə evə gedir.
Yolda həmkənlisi Qərib kişi Natıqın aldığı inəyə baxıb başını bulayır:
- A bala, bəs sən boğaz inək almaq istəyirdin axı? Bunu niyə almısan? – Qərib kişi təəccüblə soruşur.
- Qərib dayı, satan and içib dedi ki, bu boğazdı.
Qərib kişi inəyin kəndirini Natıqdən alır:
- A bala, yadında saxla, İmişli bazarına heç vaxt tək getmə! – Hə, indi mənə yerli-yataqlı danış görüm, o satan adam nə təhər and içdi?
Natiq bir az duruxub dəllalın hərəkətlərini yadına salır:
- Heç... İnəyin boynunu qucaqlayıb buynuzundan öpdü, dedi “Əli yolu haqqı bu boğazdı”.
Qərib kişi gülüb deyir:
- Hə, a bala, satanda günah yoxdu. O düz deyir. İnəyin boğazını qucaqlayib “bu boğazdı” deyib, day and içib deməyib ki, inək hamilədi!
Natıq Qərib kişinin köməkliyi ilə inəyi dəllala qaytarır və şübhə yeri qalmasın deyə, yanı balalı bir inək alıb evə gətirir.
Murtuza “voskres”!
Babaş oğlu Davud Cəbrayılda, Mərkəzi Xəstəxanaya gedən yolda, mənim evimin qonşuluğunda yaxşı bir ev tikdirmişdi. Ev hələ tam hazır olmadığından orda daimi qalmırdı, eləcə arabir gəlib evə baş çəkirdi. O biri qonşumuz Murtuza oğlu Lətif idi. Lətif özü həddən artıq zəhmətkeş adam olduğundan, oğlanları buyurulan bir işi yarımçıq qoyanda onları o ki var danlayardı. Uşaqları da ondan bərk çəkinirdilər.
Bir yay günü Davud yenə evə baş çəkməyə gəlir. Otağa girəndə düz zalın ortasında başdan-ayağa ağ parçaya bürünmüş meyit görür.
-Ay Səfiyar dayı, ay Lətif dayı hey, tez gəlin, evə adam öldürüb atıblar! - Davud başılovlu həyətə qaçıb qışqırır.
Bir göz qırpımında Davudun böyür-başı qonsularla doldu.
- Hardadı?
- Kimdi?
- Kim öldürüb?
Davud aramsız suallar eləcə əli ilə evi göstərməklə cavab verdi.
-Uşaqları aralı aparın. Tez milisə də zəng eləyin!- dedim və Lətif kişi ilə evə tərəf getdik. Qapını aralayib zala baxdıq. Doğrudan da, zalın ortasında bir neçə yataq ağı vardı, amma adam yox idi.
-Vallah, indicə burda lam uzanmışdı, - Davud yatağı göstərdi.
Milis gəlib sorğu-sual elədi, izləri götürdü... Nə başınızı ağrıdım, məsələ müəmmalı qaldı.
Məsələnin üstü bir həftə sonra açıldı. Demə, Lətif kişi tapşırdıqlarını yerinə yetirmədiyi üçün oğlu Murtuzanı həyətdəki qoz ağacından asacağı ilə hədələyibmiş. Murtuza da qorxudan evə getməyib, Davudun evinin pəncərəsindən sındırıb girib orda gecələmək qərarına gəlib. Davudun qışqırığını eşidəndə yuxudan ayılıb, qoz ağacından iki dəfə asılmamaq üçün girdiyi pəncərədən də qaçıb gedib.
Bu əhvalatdan sonra Davudun dostları onu görəndə zarafatla xaç cəkib deyirdilər: “Murtuza voskres!”